Sumqayıt kimyaçıları Qubadakı soyqırımı məzarlığını ziyarət ediblər
Sumqayıt, 2 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
SOCAR “Azərikimya” İstehsalat Birliyinin nümayəndələri 31 mart - Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Qubadakı Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Sumqayıt kimyaçıları ilə birgə anım mərasiminə şəhərin ictimaiyyət nümayəndələri də qatılıb. Milli Məclisin deputatları Muxtar Babayev, Tahir Mirkişili, Mirzəcan Xəlilov, Azər Badamov və Eldəniz Səlimovun da iştirak etdiyi səfər zamanı soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılan abidə önünə əklil və gül dəstələri düzülüb, şəhidlərin ruhuna dualar oxunub.
Sumqayıtlılar Qusar şəhərinə gələrək 1918-ci ildə Qanlı dərə adlanan yerdə erməni-daşnak qoşunlarına qarşı qəhrəmanlıqla döyüşərək, düşmənin böyük canlı qüvvəsini məhv etmiş Quba və Qusar qəhrəmanlarının şərəfinə ucaldılmış monumental abidəni də ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.
Qusar rayonu Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdulrahmanova 1918-ci ildə ermənilərin Quba qəzasına basqını zamanı ən çox erməni zorakılığına şahid olan yerlərdən birinin də Qubanın Digah kəndi ərazisində Qanlı dərə adlanan ərazi olduğunu diqqətə çatdırıb. Bildirilib ki, silahlı ermənilərin hücumuna məruz qalan dinc insanların köməyinə qonşu Qusardan yüzlərlə insan gəlib və onlar da erməni vəhşiliyinin qurbanı olublar.
Sonra şair, Əməkdar Mədəniyyət İşçisi Rafiq Yusifoğlu, Əməkdar Jurnalist Rafiq Oday faciə haqqında danışıb, ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 martın - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edildiyini bildirib və bu Fərmanın soyqırımı tarixinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətindən söz açıblar. Natiqlər müəllifi olduqları vətənpərvərlik ruhunda şeirlərini oxuyublar.
Sonda abidə önündə mövzu ilə bağlı sərgilənən rəsm əsərləri ilə tanışlıq olub.