Sumqayıt şəhərinin nümayəndə heyəti Lüdviqshafen şəhərinin 170 illik yubileyində iştirak edib
Sumqayıt, 4 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərinin nümayəndə heyəti Almaniyanın Lüdviqshafen şəhərinin 170 illik yubileyində iştirak edir. İki şəhəri 46 il dostluq və tərəfdaşlıq əlaqələri birləşdirir. Bu dövr zamanında onlarla qarşılıqlı səfərlər baş tutub, səmərəli layihələr həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, sumqayıtlılar dost Lüdviqshafenin “Şəhər günü” tədbirlərinə qatılıblar. Açıq havada təqdim olunan konsert proqramının əvvəlində çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 1977-ci ildə yaranan münasibətlərin bu gün də uğurla davam etdiyini vurğulayıb. Qeyd edilib ki, bu il Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhəri arasında dostluğun 36, tərəfdaşlıq əlaqələrinin yaradılmasının isə 46 ili tamam olur.
Bildirilib ki, ötən ilin fevral ayında iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub. Bu müddət ərzində Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq sürətlə inkişaf edib. Bu əməkdaşlıq iki şəhər arasındakı əlaqələr üçün də möhkəm zəmin yaradıb.
Sonra Zakir Fərəcov Lüdviqshafen şəhərinin meri xanım Yutta Ştaynruka nümayəndə heyəti adından xatirə hədiyyəsi təqdim edib.
Klassik musiqi konserti maraqla qarşılanıb.
Nümayəndə heyətinin səfəri davam edir.