Sumqayıtda bir qadını bıçaqlayaraq öldürüb, anasına isə xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 5 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də saat 22 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən yataqxanada yaşayan Mehriban Cabbarovanın bıçaqlanaraq öldürülməsi, anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat verilib.
Sumqayıt Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişlərin tanışı Valeh İsgəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mehriban Cabbarovaya bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə, sonuncunun anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Valeh İsgəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.