REGİONLAR
“Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” adlı tədbir keçirilib
Sumqayıt, 23 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində “Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” adlı tədbir keçirilib. Şəhərin 75 illiyi çərçivəsində təşkil olunan tədbirdə Milli Məclisin deputatları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların, Qərbi Azərbaycan İcmasının və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dövlət Himnini səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Qərbi Azərbaycandan və Sumqayıtdan bəhs olunan videoçarxlar təqdim edilib.
Tədbirin təşkilatçısı, Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, Sumqayıtdan seçilən deputat Səbinə Salmanova çıxışında bildirib ki, XX əsrin əvvəllərindən başlayaraq müxtəlif dövrlərdə soydaşlarımız Qərbi Azərbaycandan məcburi şəkildə deportasiya edilib, etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalıblar. “Ermənistan Qərbi azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayət törədib” - deyən deputat xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq tribunalarda bu tarixi ədalətsizliyə diqqət çəkib və Qərbi azərbaycanlıların hüquqlarının bərpasını tələb edib. O, dövlət başçısının bu məsələdəki qətiyyətli mövqeyinin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığını diqqətə çatdırıb. “Prezident İlham Əliyevin söylədiyi kimi, biz Qərbi Azərbaycana sülh yolu ilə qayıdacağıq. Ermənistan başa düşməlidir ki, Azərbaycanın ona qarşı hər hansı bir ərazi iddiası yoxdur. Biz, sadəcə, onlardan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışının təhlükəsiz və ləyaqətli şəkildə təmin olunmasını tələb edirik. Ermənistan hökuməti, həmçinin dədə-baba torpaqlarına qayıdacaq azərbaycanlıların mülkiyyət hüquqlarını bərpa etməli, onların evlərini, icma torpaqlarını da qaytarmalıdır”.
Sonra çıxış edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, İcmanın Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Nağıqızı, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, şair Əvəz Mahmud Lələdağ 1948-1953-cü illərdə Qərbi azərbaycanlıların öz yurdlarından deportasiya olunanda onların ilk gəldikləri ünvanlardan birinin də məhz Sumqayıt olduğunu qeyd ediblər.
Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların rolundan danışan natiqlər icmanın fəaliyyəti üçün bu gün şəhərdə gözəl şərait yaradıldığını vurğulayıblar.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki,1949-cu il noyabrın 22-də şəhər statusu aldıqdan sonra Sumqayıtın yeni tarixi başlayıb. Məhz bundan sonra Sumqayıt Cənubi Qafqazın ikinci sənaye mərkəzi kimi tanınıb və inkişaf edib. Sumqayıtın bütün sahələrdə daha sürətli inkişafı isə Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.
İcra başçısı qeyd edib ki, 75 yaşlı Sumqayıt Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın hər yerində vüsət alan abadlıq və quruculuğun əsas ünvanlarından birinə çevrilib.
Tədbir incəsənət ustalarının təqdim etdiyi maraqlı konsert proqramı ilə davam etdirilib.