SUMQAYITIN YERALTI KOMMUNİKASİYALARININ YENİ HƏYATI
İcra hakimiyyətinin başçısı Vaqif Əliyev çıxışında bildirmişdir ki, son üç il ərzində şəhərdə su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması və əsaslı təmiri işləri aparılmışdır. Küçə və məhəllələrdə minlərlə metr su və kanalizasiya xətləri çəkilmişdir. 16 və 18-ci mikrorayonların, 48 və 51-ci məhəllələrin, habelə Corat və Novruz qəsəbələrinin su təchizatını yaxşılaşdırmaq üçün Ceyranbatan anbarından çəkilmiş üçüncü xətt istifadəyə verilmişdir. Yaşayış binalarının su basmış zirzəmiləri qurudulmuşdur. Lakin su-kanalizasiya təsərrüfatında bəzi problemlər hələ də qalmaqdadır.
Müşavirədə yeraltı kommunikasiyaların real vəziyyəti müzakirə olunmuş, konkret problemlər, onların həlli yolları müəyyən edilmişdir.
İnkişaf proqramının həyata keçirilməsinə dair tədbirlər planında dəqiq vəzifələr və onların icra müddəti göstərilmişdir. İsveçrə istehsalı olan iki mobil stansiyanın tikintisi, nasos stansiyalarının güclü generatorla təmin edilməsi, şəhərin su və kanalizasiya xətləri kadastrının tərtibi, habelə sayğaclar qurulmasının sürətləndirilməsi nəzərdə tutulur ki, bu da su israfının qarşısını alacaqdır.