Sumqayıtlılar Ümumxalq Hüzn Günündə şəhidlərin xatirəsini anmışlar
Sumqayıt, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də - Ümumxalq Hüzn Günündə sumqayıtlılar bu qanlı faciə qurbanlarının xatirəsini anmışlar. Bizi o dəhşətli gecədən 22 il ayırır. Sürətlə irəliləyən zaman şəhidlərin şücaət və qəhrəmanlığını yaddaşlardan silə bilməmişdir. Həmin gecə onlar keçmiş sovet imperiyasının qorxunc hərbi texnikası qarşısında canlı sipər çəkmişdilər. Qətlə yetirilmiş, yaralanmış yüzlərlə günahsız insan arasında sumqayıtlılar da olmuşdur.
On minlərlə sumqayıtlı səhər tezdən şəhərin “20 Yanvar” küçəsində ucaldılmış eyniadlı abidənin qarşısına toplaşmışdı. Onlar şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anmışlar. Abidənin qarşısındakı küçə o məşum gecə axıdılan qanın rəmzi olan al qərənfillərə qərq edilmişdir.
Ümumxalq Hüzn Günündə şəhidləri anma mərasimində Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, bələdiyyənin, hüquq mühafizə orqanlarının, sənaye müəssisələrinin, idarə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. “20 Yanvar” abidəsi qarşısındakı Əbədi məşəlin önünə tər çiçəklər düzülmüşdür.
Azərbaycanın Dövlət himni səslənmişdir.
Elə həmin gün mərasim iştirakçıları şəhərdəki Şəhidlər xiyabanını ziyarət etmişlər. “Səkkizguşəli ulduz” obeliskinin qarşısındakı Əbədi məşəlin yanına əklil qoyulmuşdur. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəsur Vətən övladlarının məzarlarını al qərənfillər bəzəmişdir. Sumqayıtlılar itkin düşmüş şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısına da çiçəklər qoymuşlar.
Sumqayıt Cümə məscidinin axundu şəhidlərin ruhuna dua oxumuşdur.
Sonra Sumqayıt ictimaiyyətinin nümayəndələri AMEA-nın Sumqayıtda yerləşən Polimer Materiallar İnstitutunun əməkdaşları Svetlana Məmmədova, İsmayıl Mursaqulov və İbrahim İbrahimovun həlak olduqları yerə getmişlər. Azərbaycan alimlərini aparan maşın 1990-cı il yanvarın 24-də Bakı-Quba yolunun 24-cü kilometrliyində, Ceyranbatan su hövzəsi yaxınlığında sovet ordusunun zirehli texnikasının tırtılları altında əzilmişdir. İndi həmin yerdə Azərbaycan alimlərinin xatirəsini əbədiləşdirən stela ucaldılmışdır. Dinc peşə sahibləri olan alimlər yüzlərlə həmvətənləri kimi misli görünməmiş özbaşınalığın, azğınlığın, qətliamın qurbanı olmuşlar.
Xatirə stelasının qarşısına al qərənfillər düzülmüşdür. Şəhər Cümə məscidinin axundu dua oxumuşdur. Həlak olmuş alimlərin doğmaları da anım tədbirinin iştirakçıları arasında olmuşdur.
Qeyd edək ki, Sumqayıt yaxınlığında yerləşən Corat və Hacı Zeynalabdin qəsəbələrində də xatirə tədbirləri keçirilmişdir. Şəhidlərin şərəfinə ucaldılmış xatirə obelisklərinin qarşısına tər çiçəklər qoyulmuşdur.
Hüzn günü ərəfəsində bütün müəssisə, idarə və orta məktəblərdə 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilmişdir. Şəhərin bütün məscidlərində Yanvar şəhidlərinin ruhuna dualar oxunmuşdur.