Superkubok oyununda PSJ-yə qol vuran 17 yaşlı vunderkind kimdir?
Bakı, 13 avqust, AZƏRTAC
Ötən gün UEFA Superkuboku uğrunda oyunda PSJ-yə qarşı qol vuran “Aston Villa”nın hücumçusu Brayan Maco dünya futbol ictimaiyyətinin diqqət mərkəzinə düşüb.
AZƏRTAC xəbər verir ki, 17 yaşlı forvard Superkubok matçları tarixində start heyətində meydana çıxan ən gənc oyunçu olub. İlk hissənin sonlarına yaxın fərqlənən forvard, həmçinin bütün avrokubok finallarında qol vuran ən gənc (17 yaş 212 gün) futbolçu kimi tarixə düşüb.
Maco 2009-cu ildə Londonda kamerunluların ailəsində anadan olub. İki yaşında ailəsi ilə birlikdə Lüksemburqa köçüb və bütün uşaqlığını orada keçirib. Bir il əvvəl – 16 yaşında Lüksemburqun əsas yığmasına dəvət alıb və 3 yoldaşlıq oyununda iştirak edib. Bir neçə ay sonra İngiltərə Futbol Assosiasiyası da onu gənclər komandasına dəvət edib və Maco idman vətəndaşlığını dəyişib.
Futbolçu karyerasına Lüksemburqun "Rasinq" klubunda başlayan 1,93 metr boya malik hücumçu 14 yaşında Fransa "Mets"inin akademiyasına qəbul olunub. Ucaboy forvard fiziki göstəricilərinə görə Belçika millisinin üzvü Romelu Lukakunu xatırladır. Hətta Brayanın karyerasına başladığı “Rasinq” akademiyasının direktoru da bu oxşarlığı qeyd edib.
"Aston Villa" Maconu bu ilin yanvar ayında 12 milyon avro təzminat qarşılığında “Mets”dən heyətinə qatıb. Baxmayaraq ki, istedadlı futbolçu bunadək Fransa klubunda cəmi 5 rəsmi oyunda meydana çıxmışdı.
Brayanın “Aston Villa”ya transferi elə də asan başa gəlməyib. Belə ki, FIFA əvvəlcə vətəndaşlığına və Lüksemburq millisində keçirdiyi oyunlara görə onun qeydiyyatından imtina edib. Çünki yetkinlik yaşına çatmayan futbolçuların beynəlxalq transferləri qadağandır. Lakin Premyer Liqa təmsilçisi qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib. Məhkəmədə Maconun idman vətəndaşlığını dəyişdiyi və İngiltərəni təmsil etdiyi sübut olunub. CAS Superkubok matçına bir neçə gün qalmış qeydiyyatı təsdiqləyib.
Qeyd edək ki, “Aston Villa” UEFA Superkuboku uğrunda görüşdə PSJ-yə 1:2 hesabı ilə uduzub.