Suraxanıda 20 Yanvar faciəsinin 22-ci ildönümü qeyd edilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin “20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” 2011-ci il 13 dekabr tarixli Sərəncamının icrasının təmin edilməsi, həmçinin Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsinin dərin hüznlə yad edilməsi məqsədi ilə Suraxanı rayonunda silsilə tədbirlər keçirilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Suraxanı Rayon Heydər Əliyev Mərkəzində elektron auditoriyalarda yanvarın 16-dan 19-dək məktəblilərə 20 Yanvar faciəsi haqqında filmin nümayişi təşkil etdirilmişdir.
Rayon ərazisində yerləşən bütün sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində “Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin qanlı 20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir” mövzusunda xatirə tədbirləri keçirilmişdir. Orta ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmiş, şagirdlərin çəkdikləri rəsmlər nümayiş etdirilmişdir.
Rayonun qəsəbələrində şəhidlərin dəfn olunduğu yerlər və onların xatirəsinə ucaldılmış abidələr rayon ictimaiyyəti tərəfindən ziyarət olunmuş, 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə və əlillərə yardım edilmişdir.
Yanvarın 19-da 114 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə məktəbdə yaradılmış “Veteranlar guşəsi” ilə tanış olmuşlar.
Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Əhməd Talıbov qeyd etmişdir ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının tək faciəsi yox, həm də tarixinin ən şərəfli səhifələrindən biri, milli azadlıq hərəkatının yüksəliş zirvəsidir. 20 Yanvar özümüzü bir millət kimi tanıyan və dərk edən gündür. Bu tarix Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi yaddaşlara əbədi həkk olunmuşdur.
Tədbirdə xüsusi vurğulanmışdır ki, yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlanmışdır. 1994-cü il martın 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etmişdir. Sənəddə 20 Yanvar faciəsi qabaqcadan məqsədli surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmiş cinayət aktı kimi qiymətləndirilmişdir.
Tədbirin sonunda məktəblilərin ifasında “Yarımçıq qalmış ömür ...” adlı ədəbi-bədii kompozisiya göstərilmişdir.