Tacikistan Rusiya üçün əmək miqrantlarını yoxlayıb hazırlayacaq
Bakı, 8 aprel, AZƏRTAC
Rusiya Tacikistanla respublika vətəndaşlarının müvəqqəti işə cəlb olunmasının təşkilinə dair sazişə dəyişiklərin ratifikasiyasına hazırlaşır. Dəyişikliklər layihəsi hökumətin komissiyası tərəfindən təsdiqlənib və rəsmi təsdiqə təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Vedomosti” qəzetinə iki mənbə məlumat verib.
Təklif olunan dəyişikliklərə əsasən, miqrantlar üçün məcburi tibbi müayinə prosesinin Tacikistan ərazisinə keçirilməsi mümkün ola bilər. Bunun üçün ayrıca beynəlxalq müqavilənin bağlanması tələb olunacaq. Həmçinin planlaşdırılır ki, namizədlərin fotoşəkillərinin çəkilməsi və barmaq izlərinin götürülməsi onlar Rusiyaya daxil olmazdan əvvəl respublika ərazisində həyata keçirilsin.
Sənədə əsasən, Tacikistan Daxili İşlər Nazirliyi işə qəbul üçün müraciət edən namizədlərin beynəlxalq və dövlətlərarası axtarışda olub-olmamasını, eləcə də ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğun mövcudluğunu yoxlayacaq. Bundan əlavə, Tacikistanın Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi namizədlərin hazırlanmasının təşkilini həyata keçirəcək, o cümlədən rus dilinin öyrənilməsini təmin edəcək. Bu məqsədlə tədris-metodiki materialları Rusiya tərəfi təqdim edəcək.
Nazirlik həmçinin Rusiyada işləməyə göndərilən vətəndaşlar üçün imtahanların keçirilməsinə dəstək göstərəcək. Qeyd olunur ki, bu prosedurların Tacikistan ərazisində həyata keçirilməsi Rusiyadakı miqrasiya mərkəzlərinə və sərhəd-keçid məntəqələrinə düşən yükü azaltmağa imkan verəcək.
İnsan hüquqları üzrə şuranın üzvü Kirill Kabanov vətəndaşların təkrar yoxlanılması imkanının saxlanılmasının vacibliyini vurğulayıb.
Tacikistan vətəndaşlarının Rusiyada müvəqqəti işə cəlb olunmalarının təşkilinə dair saziş 2019-cu ilin yazından qüvvədədir. Dəyişikliklərin edilməsi haqqında protokol 2025-ci ilin oktyabrında prezidentlər Vladimir Putin və Emoməli Rəhmon tərəfindən imzalanıb.