Tallində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir
Tallin, 23 yanvar (AZƏRTAC). Tallində Yuxkentali Gimnaziyasında fəaliyyət göstərən Azərbaycan bazar günü məktəbində 20 Yanvar faciəsinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Estoniyadakı səfiri Tofiq Zülfüqarov, Estoniya parlamentinin deputatı, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar Əfəndiyev, Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri N.Hacıyev, gimnaziyanın direktoru E.Rovgeyşa, Azərbaycan bazar günü məktəbinin şagirdləri, onların valideynləri, Estoniyanın tanınmış jurnalisti, 20 Yanvar hadisələrinin şahidi olmuş Y.Vendelin, habelə Azərbaycan diasporunun nümayəndələri və səfirliyin əməkdaşları iştirak etmişlər.
20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən E.Əfəndiyev, Y.Vendelin və başqaları qeyd etmişlər ki, 1990-cı il yanvarın 20-də sovet rejimi Azərbaycan xalqına qarşı misli görünməmiş cinayət törətmişdir, yüzlərlə günahsız adam həlak olmuş və yaralanmışdır, Azərbaycan xalqı hərbi, siyasi və mənəvi təcavüzə məruz qalmışdır.
Yuxkentali Gimnaziyasının direktoru E.Rovgeyşa qeyd etmişdir ki, Estoniya ictimaiyyəti Azərbaycan xalqının dərdinə şərikdir.
Tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişafı, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında film nümayiş etdirilmişdir.
Yanvarın 19-20-də yerli TVN televiziya kanalında 20 Yanvar faciəsi haqqında xüsusi buraxılış olmuş, Azərbaycan haqqında film göstərilmişdir.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin