MƏDƏNİYYƏT
Tanınmış animasiya filmləri rejissoru Məsud Pənahinin 80 illik yubileyi qeyd olunub
Bakı, 12 yanvar, AZƏRTAC
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Animasiya Assosiasiyasının təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Film Fondunda tanınmış animasiya filmləri rejissoru Məsud Pənahinin 80 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq tanınmış rejissorun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. M. Pənahinin “Bulud niyə ağlayır?”, “Pıspısa xanım və Siçan bəy”, “Dınqıl, sazım, dınqıl” və s. filmlərin yaradılmasında əməyini xüsusi vurğulayıb. Qeyd edib ki, rejissor uzun illərdir öz fəaliyyətini Almaniyada davam etdirir.
Sonra Məsud Pənahi ilə onlayn formatda canlı bağlantı yaradılıb və o, yubiley tədbirinin təşkil olunmasına görə Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Film Fonduna, “Azərbaycanfilm” kinostudiyasına və Azərbaycan Animasiya Assosiasiyasına təşəkkürünü bildirib.
Tədbirdə animasiya filmləri rejissoru, Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov “Azərbaycanfilm” kinostudiyasının nəzdində animasiya studiyasının formalaşdırılmasından və bu prosesdə Məsud Pənahinin fəal iştirakından bəhs edib. Onun Azərbaycanda animasiya sahəsinə bir çox yeniliklər gətirməsi, 1970-ci illərdə kinostudiyada xüsusi animasiya kursları təşkil etməsi barədə söhbət açıb.
Çıxış edən digər natiqlər və ailə üzvləri Məsud Pənahinin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
Tədbirin sonunda Dövlət Film Fondu tərəfindən bərpa olunmuş “Qız qalası əfsanəsi” və “Günlərin bir günündə...” animasiya filmləri, həmçinin uzun müddət itirilmiş hesab olunan, Məsud Pənahi tərəfindən Film Fonduna təqdim olunmuş “Xoruz” filmi nümayiş etdirilib.