ELM VƏ TƏHSİL
Tarix Muzeyində şəhid polkovnik Füzuli Cavadova həsr olunan tədbir: Son uçuş
Bakı, 21 dekabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində Birinci Qarabağ və Vətən müharibəsi iştirakçısı, Azərbaycan Dövlət Sərhəd Xidmətinin polkovniki, 2021-ci il 30 noyabr tarixində Qaraheybət hərbi təlim poliqonunda baş vermiş helikopter qəzası zamanı şəhid olmuş Füzuli Cavadova həsr edilən “Son uçuş” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Tədbirdə Tarix Muzeyinin icraçı direktoru dosent Fərhad Cabbarov polkovnik F.Cavadovun vətənpərvərliyi və fədakarlığı haqqında danışıb, şəhidin şəxsi əşyalarının muzeyə təqdim edilməsinə təşəbbüs göstərən ailəyə öz minnətdarlığını bildirib və həmin şəxsi əşyaların daim qorunacağını vurğulayıb.
Muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov foto-slaydın müşayiətilə polkovnik Füzuli Cavadovun həyat və hərbi xidməti haqqında məlumat verib.
Şəhid polkovnik Füzuli Cavadovun ailə üzvləri- qızı Nərmin Ağayeva, qardaşı Namiq Cavadov, qardaşı qızı Fatimə Cavadova çıxış edib, şəhidin şəxsi əşyalarını muzeyə təhvil veriblər.
Sonra muzeydə “Xarıbülbülün Vətəni- Şuşa” sərgisi ziyarət olunub.