Tariyel Abbaslı: Evdə otursam da, vaxtın haradan gəlib keçdiyini hiss etmirəm
Bakı, 6 aprel, AZƏRTAC
Mədəniyyət nazirliyinin tapşırığı ilə Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin Cocuq Mərcanlı kəndində filialını yaratmışıq. Rayondan çıxarıb Bakıya gətirdiyimiz eksponatlar arasından saxsı və mis məişət əşyaları, xalça nümunələri, bəzi musiqi alətləri və milli geyimləri seçib Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə verdik, həmin eksponatlar üzərində aparılan bərpa işlərindən sonra onları yeni yaranan muzeyə hədiyyə etdik. Cocuq Mərcanlıya gedib orada açılış üçün geniş hazırlıq işləri gördük. Məni ən çox təəssüfləndirən odur ki, həmin muzeyin açılışı ərəfəsində qlobal epidemiya təhlükəsi ilə üzləşdik və yeni muzeyin açılışı təxirə salındı.
Bu sözləri AZƏRTAC-a Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı deyib.
Onun verdiyi məlumata görə, koronaviris pandemiyası onların da bir çox tədbirlərini yarımçıq qoyub. Lakin o, dünyanı dolaşan bu dəhşətli infeksiyanın qarşısının tezliklə alınacağına və yenidən qaynar həyatın başlayacağına inanır.
Muzeyin direktoru deyib: “İndi yeganə yol evdə oturub sosial izolyasiya tədbirlərinə ciddi əməl etməkdir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqa müraciət edərək qlobal epidemiyadan xilas olmaq üçün xalqımızı birlik və həmrəyliyə çağırıblar. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi diqqət etmək lazımdır. Hamılıqla bu müraciətlərə dəstək olmalıyıq. Əgər bizdən asılı olan evdə qalmaqdısa, bunu niyə etməyək? Evdə qalaq, ancaq təhsildən, musiqidən, mədəniyyətdən kənarda qalmayaq. Şükür ki, indi müasir texnologiyalar hər cür imkan yaradıb. Onun verdiyi imkanlardan istifadə edərək həm öz işlərimizi aparaq, həm də susqunluğa qapanıb darıxmayaq”.
O, evdə qalmağın istirahət olmadığını da bildirib: “Bir neçə gün bundan əvvəl İstiqlal muzeyində yerləşən Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanan ekspozisiyaların videogörüntülərini yaydıq. Həmin görüntüləri muzeyin saytında da yerləşdirmişik. Hazırda pandemiyadan sonrakı tədbir və görüşlərin proqramı üzərində işləyirik. İnşallah, bir müddət sonra bəşəriyyətin başının üstünü alan bu kabus çəkilər və yenidən müəssisələr öz fəaliyyətini, hər kəs öz işini davam etdirər.
İndi koronavirus təhlükəsinin yayılmasının qarşısını almaq üçün bizim hər birimiz evdə oturaraq təmas və canlı ünsiyyətdən uzaq olmalıyıq: “Evdə otursam da, vaxtın haradan gəlib keçdiyini hiss etmirəm. Hazırda Qurban Səidin “Əli və Nino” əsərini, eləcə də yazıçı Kamil Əfsəroğlunu “Gilavar” romanını oxuyuram. Xatirələrini yazmağa başlamışam. Nəvələrimin təhsili ilə ciddi maraqlanıram. Hər gün Dillər Universitetinin ikinci kurs tələbəsi Günelin, eləcə də Nigarın, orta məktəbdə oxuyan Azər və Turalın dərsləri ilə maraqlanıram. Yaxşı haldır ki, onlayn dərslər vasitəsilə öz təhsillərini davam etdirilər. Özüm də evdən heç yerə çıxmıram. Yaşadığım binanın birinci mərtəbəsində ərzaq və gündəlik tələbat malları mağazası var, arada düşüb lazım olan ərzaqları alıb evə qayıdıram.
Bu dövrdə hər kəs üzərinə düşən məsuliyyəti bütün ciddiliyi ilə dərk etməlidir. Evdə oturmaqla həm özümüzü, həm yaxınlarımızı və doğmalarımızı, həm də bəşəriyyəti gözəgörünməz “müharibə”nin fəlakətindən qoruya bilərik. Şübhəsiz ki, bu, uzun çəkməyəcək. Təhlükə sovuşana qədər karantin dövrünün tələblərinə əməl edək və koronavirus pandemiyasından qurtulmaq üçün biz də öz töhfəmizi verək”,- deyə Tariyel Abbaslı bildirib.