Tbilisidə "Gürcüstan azərbaycanlıları: mənəvi dəyərlər və tarixi ənənələr" mövzusunda tədbir keçirilib
Tbilisi, 17 mart, AZƏRTAC
Martın 17 -də Tbilisi şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi ilə Ramazan ayı münasibətilə “Gürcüstan azərbaycanlıları: mənəvi dəyərlər və tarixi ənənələr” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir müqəddəs “Qurani-Kərim” ayələrinin və iftar duasının oxunması ilə açılıb.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Ramazan ayının ehtiva etdiyi nəcib mənalarından danışıb, bu ay ərzində ədalət, saf niyyətlər və nəfsin paklaşdırılması ətrafında insanların birləşməli olduğunu bildirib.
Səfir qeyd edib ki, Gürcüstan azərbaycanlıları yaşadıqları dövlətə inteqrasiya etməklə yanaşı dini və milli kimliklərini də qoruyub saxlayıblar.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bu il Ramazan və Novruz bayramlarının eyni günə təsadüf etdiyini vurğulayıb. O, qeyd edib ki, Ramazan ayı mənəvi kamilləşmə və saflığı ehtiva edir. Novruz isə Azərbaycan xalqının tarixən qeyd etdiyi və insanlara bir çox ülvi dəyəri təlqin edən milli bayramımızdır.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov bildirib ki, tədbir xalqımızın qədim və əziz bayramlarından olan İlaxır çərşənbə gününə təsadüf edir. Həm Ramazan ayı, həm də İlaxır çərşənbəsi insanları bir araya gətirən, birlik və həmrəyliyi gücləndirən mənəvi dəyərləri ifadə edir. Gürcüstanda yaşayan azərbaycanlılar tarixən öz milli-mənəvi dəyərlərini qoruyub saxlayıblar.
Gürcüstan Parlamentinin deputatları Savalan Mirzəyev və Zaur Darğalı çıxışlarında tədbiri azərbaycanlı icmasının həmrəyliyinin təcəssümü kimi qiymətləndiriblər.
Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndələri Məhəmməd Şamilov və Sabir Musayev Ramazan ayının fəzilətindən bəhs ediblər.
Digər çıxış edənlər Ramazan və Novruz bayramları ilə bağlı təbriklərini çatdırıblar.
Tədbirdə dini icmaların nümayəndələri, Gürcüstan parlamentinin azərbaycanlı üzvləri, soydaşlarımızla yanaşı, ictimai birlik və dərnəklərin nümayəndələri iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi