TBİLİSİDƏ AVRASİYANIN ENERGETİKA TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNUR
Dünyanın müxtəlif ölkələrinin hökumət və parlamentlərinin, iri enerji şirkətlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və ekspertlərin qatıldığı konfransda Azərbaycanı Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və vitse-prezidenti Elşad Nəsirov, ölkəmizin Gürcüstandakı səfiri Namiq Əliyev təmsil edirlər.
Konfransı BEA-nın icraçı direktorunun müavini Uilyam Remsey açaraq, son illər energetika sahəsində mövcud problemlərin həlli yollarının axtarılmasında bu tədbirin müstəsna rol oynayacağına əminliyini bildirmişdir.
Prezident M.Saakaşvili çıxışında demişdir ki, beynəlxalq əhəmiyyətli neft və qaz kəmərlərinin ölkəmizin ərazisindən keçməsi üzərimizə böyük məsuliyyət qoyur. Biz enerji daşıyıcıları baxımından zəngin olan bölgənin potensialının tam hərəkətə gətirilməsi üçün etimadı doğrultmalı, təhkükəsizliyi təmin etməliyik.
Sonra BEA-nın icraçı direktoru Klod Mandil çıxış etmişdir. O, konfransın başlıca məqsədinin Avrasiya məkanında enerji təhlükəsizliyinin təmin edilməsi yollarının müəyyənləşdirilməsi olduğunu vurğulamışdır.
Gürcüstan Energetika Nazirliyindən alınan məlumata görə, konfrans çərçivəsində Gürcüstan, Azərbaycan və Türkiyənin neft-qaz sahəsində ekspertlərinin üçtərəfli görüşü keçiriləcəkdir.