TBİLİSİDƏ HEYDƏR ƏLİYEVİN VƏFATININ 40-CI GÜNÜNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, məscidin axundu Məşədi Əli mərhumun ruhuna dua oxumuşdur. “Gürcüstan” qəzetinin redaktoru, Gürcüstan azərbaycanlıları ittifaqının prezidenti Süleyman Süleymanov, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin birinci katibi Hamlet Qaralov, Gürcüstan azərbaycanlılarının Tbilisidəki mədəniyyət mərkəzinin direktoru Məmməd Gülməmmədov, Tbilisidəki 73 saylı Azərbaycan orta məktəbinin direktoru Salman Pirməmmədov və başqaları Heydər Əliyevin Vətən və xalq qarşısında böyük xidmətlərindən, etnik vətəndən kənarda yaşayan azərbaycanlılara qayğısından, milli–mədəni dəyərlərimizin daha da inkişafı yönümündə əvəzsiz xidmətlərindən söhbət açmışlar. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə onun nüfuzunun yüksəldilməsində Heydər Əliyevin əvəzsiz rolu vurğulanmışdır. Sonra böyük ehsan süfrəsi açılmış, imkansızlara ehsan payı göndərilmişdir.
Gürcüstanın azərbaycanlılar yaşayan bütün əksər kənd və qəsəbələrində də Heydər Əliyevin vəfatının 40-cı günü ilə əlaqədar ehsan verilmişdir.