TBİLİSİDƏ “İSLAHATLAR VƏ ƏMƏKDAŞLIQ ÜZRƏ STRATEGİYALAR” MÖVZUSUNDA KONFRANS İŞƏ BAŞLAMIŞDIR
Konfransı Corc Marşall adına Mərkəzin direktoru Rouz açmışdır.
Sonra çıxış edən Gürcüstan parlamentinin sədri Nino Burcanadze demokratiyanın inkişafına xidmət edən belə tədbirlərin keçirilməsini bəyəndiyini bildirmiş, ölkəsində demokratiyanın inkişafı, demokratik dəyərlərin qorunması yönümündə görülən işlərdən danışmışdır. O, Gürcüstanın Avropa strukturlarına, NATO-ya inteqrasiyası, ölkədə demokratik təsisatların fəaliyyətinə geniş imkan yaradılması, parlamentlə hökumət arasında səmərəli əməkdaşlıq barədə ətraflı söhbət açmışdır.
Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxışında ölkəmizdə ictimai-siyasi və iqtisadi həyatın bütün sahələrini əhatə edən 3 mindən çox qanun qəbul edildiyini, eyni zamanda, milli təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərinə mühüm diqqət yetirildiyini xatırlatmışdır. Bildirilmişdir ki, 2004-cü ildə qəbul olunmuş “Milli təhlükəsizlik haqqında” Qanunda müstəqil, suveren, demokratik dövlət kimi Azərbaycanın milli təhlükəsizlik siyasətinin hüquqi əsasları və üstün istiqamətləri müəyyən edilmişdir. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinin qorunmasının həyati əhəmiyyətə malik milli mənafe kimi səciyyələndirən Z.Əsgərov ölkəmizin, əslində, müharibə vəziyyətində olduğunu, Ermənistanın ərazimizin 20 faizini işğal altında saxladığını, bir milyondan artıq insanın qaçqın və köçkün vəziyyətində yaşadığını xatırlatmışdır. O demişdir ki, Qafqaz regionu əməkdaşlıq üçün çox böyük potensiala malikdir, lakin buradakı münaqişələr həll edilməmiş bu potensial reallaşdırıla bilməz. O cümlədən Ermənistan özünün işğalçılıq siyasətindən əl çəkməyincə, onunla heç bir əməkdaşlıq mümkün deyildir.
Z.Əsgərov Azərbaycan-Gürcüstan münasibətlərinin bu baxımdan yüksək səviyyədə olduğunu vurğulamışdır.
Konfrans işini dialoq formasında davam etdirmişdir.