Tbilisidəki “İşğal” muzeyində 20 Yanvar faciəsi ilə bağlı anma mərasimi keçirilmişdir
Tbilisi, 21 yanvar (AZƏRTAC). Yanvarın 20-də Gürcüstan Azərbaycanlıları Konqresi Tbilisidəki “İşğal” muzeyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirmişdir. Muzeyin böyük salonunda 20 Yanvar faciəsindən bəhs edən fotoşəkillər nümayiş etdirilmişdir.
Konqresin sədri Hüseyn Yusifov demişdir ki, tədbirin “İşğal” muzeyində keçirilməsi təsadüfi deyildir. Bu muzeydə çar üsul-idarəsi zamanından Sovet imperiyasınadək Rusiyanın işğalçılıq siyasətinə dair geniş materiallar saxlanılır. Ötən əsrin sonlarında Bakıda və Tbilisidə törədilmiş vəhşiliyi bu siyasətin davamı saymaq olar.
Mərasimə əsasən Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı və gürcü tələbələr dəvət olunmuşdular. Şəhidlərin ömür yolu daim gənclər üçün nümunədir və həyatı bahasına Vətənə azadlıq qazandıranların xatirəsi həmişə əziz tutulmalıdır. Azərbaycanın və Gürcüstanın bugünkü sürətli inkişafı o dəhşətli günlərin əbəs yaşanmadığından xəbər verir.
Gürcüstan Prezidentinin müşaviri Mübariz Qarayev qeyd etmişdir ki, Bakıda törədilmiş 20 Yanvar, Tbilisidə baş vermiş 9 Aprel faciələri imperiyanın süqutunu daha da sürətləndirmişdir. Hər iki ölkənin oxşar taleyindən, mövcud ərazi problemlərindən söhbət açan müşavir Azərbaycanın və Gürcüstanın dövlət başçılarının ciddi səyi nəticəsində bu ölkələrin ərazi bütövlüyünün bərpa olunacağı vaxtın uzaqda olmadığını demişdir.
Reinteqrasiya məsələləri üzrə Gürcüstan Dövlət Nazirliyinin məsul əməkdaşı Savalan Mirzəyev 20 Yanvar şəhidlərinin həyatının bütün gənclik üçün örnək olduğunu diqqətə çəkmiş, şəhid qanı hesabına qazanılmış müstəqilliyin heç vaxt əldən verilməyəcəyini bildirmişdir. S.Mirzəyev Azərbaycan-Gürcüstan münasibətlərinin bölgədə sabitliyin təminatçısı olduğunu və dövlət başçılarının həyata keçirdikləri siyasət sayəsində daha böyük qələbələr qazanılacağını demişdir.
Nino Basilaşvili gürcü ictimaiyyəti adından 20 Yanvar şəhidlərinin ailələrinə başsağlığı vermişdir. İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin qafqazşünaslıq kafedrasının müdiri Tsira Baramidze, tələbələrdən Aleksandr Qvaxadze, Şamil Mustafayev və başqaları 20 Yanvar, 9 Aprel faciələrinin səbəbkarlarını lənətləmiş, Azərbaycan və gürcü xalqlarının müstəqilliyinin əbədi olacağını bildirmişlər.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi