TƏBİB və BQXK arasında əməkdaşlıq çərçivəsində görülən işlər müzakirə olunub
Bakı, 21 dekabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin heyəti ilə görüşüb.
AZƏRTAC-a TƏBİB-dən verilən məlumata görə, görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin 2022-ci ildəki fəaliyyətinin icmalı, ilkin səhiyyə xidməti üzrə pilot layihə, COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində dəstək, TƏBİB-in tabeliyindəki ilkin səhiyyə müəssisələrinə göstərilmiş texniki yardım, 2023-cü il üçün birgə fəaliyyət planı, TƏBİB və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması müzakirə olunub.
Tibb sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, əməkdaşlığın səmərəliliyinin artırılması, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən tibb müəssisələrində çalışan personal üçün kommunikasiya bacarıqlarının artırılması, pasiyentlərlə düzgün sosial-psixoloji davranış qaydaları, əczaxanaların idarə olunması sahələrini əhatə edəcək seminar və treninqlərin təşkil edilməsi perspektivləri barədə də fikir mübadiləsi aparılıb.
Vüqar Qurbanov qarşılıqlı faydalı əməkdaşlığa görə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə təşəkkür edib, bundan sonra da birgə əməkdaşlıq nəticəsində nailiyyətlərin əldə olunacağına inandığını bildirib.
Görüşdə qeyd edilib ki, indiyədək 9 ilkin səhiyyə müəssisəsi təmir edilib, Ağstafa, Ağdam, Tovuz, Füzuli, Qazax və Ağcabədidə tibb məntəqələrinin infrastrukturunun yaxşılaşdırılmasına dəstək göstərilib.
Eyni zamanda o da bildirilib ki, 2023-cü ildə təcili tibbi yardım xidmətinin təkmilləşdirilməsi, bir sıra xəstəliklərin müayinə və müalicəsi ilə bağlı birgə əməkdaşlıq davam etdiriləcək.