“Təbiətin xilasediciləri” adlı düşərgə çərçivəsində ekoloji tədbirlər keçirilib
Bakı, 10 iyul, AZƏRTAC
Bu ilin 5-9 iyul tarixlərində “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşkilatçılığı, Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin və Altıağac Milli Parkının nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasının tərəfdaşlığı ilə “Təbiətin xilasediciləri” adlı düşərgə çərçivəsində ekoloji tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, ekoloji düşərgənin məqsədi təbiətin mühafizəsi istiqamətində gənc ekoloqların maarifləndirilməsi və məlumatlılığın artırılması, ekoloji problemlərin həllinə cəmiyyətin diqqətinin daha da artırılması, heyvanların ekologiyası və davranışı, uşaqlarda təbiətə, həmçinin ev və vəhşi heyvanlara qayğı və humanizm ideyalarının aşılanmasından ibarətdir.
İyulun 8-də keçirilən tədbirdə düşərgə iştirakçıları müasir standartlara uyğun yaradılmış Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində olub, mərkəzin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanov heyvanların müdafiəsi istiqamətində uşaqlarla maarifləndirici söhbətlər aparıb. Uşaqlar Mərkəzdə kinoloqların hazırlanması və xidməti axtarış itlərinin narkotik vasitələrin, partlayıcı maddələrin, odlu silahların və döyüş sursatının axtarışı, bütün növ obyektlərin mühafizəsi, iz üzrə axtarış istiqamətləri ilə tanış olublar. Kinoloji Mərkəzin müasir avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikasının veterinari Səbinə Hacıyeva tərəfindən veterinar xidmətlər haqqında uşaqlar məlumatlandırılıb.
İyulun 9-da isə düşərgə iştirakçıları Altıağac Milli Parkının nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında olub, həmçinin uşaqlar mərkəzin nümayəndələri tərəfindən orada saxlanılan vəhşi heyvanların mütəmadi olaraq müayinəsinin həyata keçirilməsi, növlərin qapalı və yarımqapalı şəraitdə artırılması, habelə təbiətə buraxılması ilə əlaqədar işlər haqqında məlumatlandırılıb. Daha sonra iştirakçılar üçün Altıağac Milli Parkının meşəlik ərazisində turist marşrutu üzrə “EkoSfera” Sosial-Ekoloji Mərkəzi tərəfindən “Təbiəti tanıyaq” ekoloji oyunları və biomüxtəlifliyin monitorinqi keçirilib.
Qeyd edək ki, ekoloji maarifləndirici proqram “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşkilatçılığı ilə Qalada növbəti düşərgə çərçivəsində təşkil olunub. Ekoloji düşərgədə uşaq proqramlarının təşkilində mərkəzin 20 illik təcrübəsi olan peşəkar təlimçiləri və müəllimləri iştirak edir.