Təbrizli musiqiçi: Hər dəfə Azərbaycana gələndə ruhum pərvaz edir VİDEO
Şəki, 30 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Ötən il də Şəkidə keçirilən “İpək Yolu” musiqi festivalında iştirak etmişdim. Çox sevinirəm ki, builki festivala da dəvət aldım. Hər dəfə bura gələndə ruhum pərvaz edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının iştirakçısı, İran İslam Respublikasından olan “Təbriz” rəqs qrupunun rəhbəri, xanəndə Ramin Qəznəvi jurnalistlərə müsahibəsində deyib.
Bənzərsiz təbiəti olan gözəl Şəkidə keçirilən “İpək Yolu” festivalının çox dəyərli bir festival olduğunu vurğulayan təbrizli musiqiçi onlara bu gözəl musiqi bayramında yenidən iştirak etmək imkanı yaratdıqlarına görə Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildirib.