Tədqiqat isti havada və yüksək rütubət şəraitində orqanizmin dayanıqlıq həddini müəyyən edib
Bakı, 22 iyul, AZƏRTAC
Pensilvaniya Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırma rütubətli iqlimdə insan orqanizminin istilik hədlərinin aşağı rütubətlə müqayisədə çox kiçik olduğunu təsdiqləyib. Nəticələr xüsusilə yayda rütubətin 70 faiz və ya daha çox olduğu ölkələrin sakinləri üçün faydalıdır.
AZƏRTAC “news.israelinfo.co.il” saytına istinadla xəbər verir ki, amerikalı alimlər 24 gənc və sağlam könüllü seçərək, onlara hər zaman bədəndaxili temperaturlarını izləmək üçün termometrlə bir həb veriblər. Onları temperaturu və rütubəti dəyişmək imkanı olan xüsusi kapsullara yerləşdiriblər.
Müəyyən olub ki, havanın rütubəti 50 faiz təşkil etdikdə, artıq 31 dərəcəlik temperaturda sağlam orqanizm ətraf mühitin kritik adlanan həddinə çatır. Bu “kritik hədd”ən sonra orqanizmdə dağıdıcı proseslər başlayır. İsti havanın və rütubətin uzunmüddətli təsiri altında sağlamlığın pozulması riski kəskin artır. Bu tədqiqatları bu günlərdə Amerikanın “CBSNews” kanalı dərc edib.
Hətta daha yüksək temperaturlar aşağı rütubətlə birlikdə orqanizmə daha az zərər vurur, buna səbəb odur ki, yüksək rütubət şəraitində tər daha asta buxarlanır və bədənin soyuma prosesi daha ləng gedir.