Təhsil nazirinin müavini Lerik məktəblərində dərs prosesini izləyib
Bakı, 4 mart, AZƏRTAC
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva respublikamızın cənub bölgəsinə daxil olan rayonlarda təhsilin vəziyyəti və tədris prosesi ilə tanış olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, M.Vəliyeva martın 4-də Lerik rayonunun Hamarmeşə kənd tam orta məktəbində, Peştətürk kənd ibtidai məktəbində, şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseydə və şəhər 3 nömrəli tam orta məktəbdə pedaqoji kollektivlərlə görüşüb, dərs prosesini izləyib, şagirdlərin oxu bacarığı və mütaliə vərdişləri ilə maraqlanıb.
Məhəbbət Vəliyeva həmin məktəblərin 11-ci siniflərində təhsil alan şagirdlərlə görüşüb, onlara peşə seçimi və fənn olimpiadalarının əhəmiyyətindən danışıb.
Nazir müavini, eyni zamanda, Lerik şəhər 3 nömrəli tam orta məktəbdə rayonda yerləşən təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Görüşdə təhsil sahəsində son illər aparılan islahatları diqqətə çatdıran M.Vəliyeva məktəb rəhbərlərinə bir sıra göstəriş və tövsiyələr verib. Nazir müavini ümumtəhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərdən nəticə çıxarılmasının önəmini xüsusi vurğulayıb.