Təhsil Nazirliyinin dəstəyi ilə hazırlanan elektron resursların təqdimatı olub
Bakı, 15 dekabr, İbrahim Əsədov, AZƏRTAC
Dekabrın 15-də “Hilton Baku” otelində Təhsil Nazirliyinin dəstəyi ilə hazırlanan elektron resursların təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, Milli Məclis deputatlarının, ekspertlərin, məktəb direktorlarının, fənn müəllimlərinin iştirak etdikləri tədbirdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini vurğulayıb, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətindən danışıb.
Müasir dünyada təhsilin mühüm rolunu xatırladan nazir bu sahədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron resursların hazırlanması üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib, dərsliklərin məzmunu ilə bağlı fikirlərini bildirib.
Nazirliyin şəbəkə əsaslı təhsilin coğrafiyasını daha da genişləndirəcəyini qeyd edən M.Cabbarov müxtəlif növ elektron təhsil resurslarının hazırlanması üzrə müvafiq layihələrin reallaşdırıldığını diqqətə çatdırıb.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təhsil sahəsində həyata keçirilən tədbirlərin səmərəli nəticə verəcəyinə əminliyini bildirib. B.Əliyev elektron tədris resurslarının yaradılmasının əhəmiyyətindən də söz açıb.
Sonra nazirliyin dəstəyi ilə hazırlanmış elektron resursların təqdimatı olub. Qeyd edilib ki, Təhsil Nazirliyi cari ildə müxtəlif növ elektron resursların hazırlanması istiqamətində layihələr həyata keçirib.
Elektron resursları bir mənbədə cəmləşdirmək üçün www.e-resurs.edu.az portalı yaradılıb. Hər bir istifadəçi bu portal vasitəsilə elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər təhsil resurslarına çıxış əldə edə bilər.
Hazırda e-derslik.edu.az portalında II, III, VI və VII siniflər üzrə dərsliklər yerləşdirilib. Elektron dərsliklər hər şagirdə təhsil prosesində fəal iştirak etməyə, onların öyrənmə prosesini fərdiləşdirməyə şərait yaradır. Elektron dərslikləri kompyuter, planşet və ya mobil telefon üzərində onlayn və oflayn formatlarda istifadə etmək mümkündür. Bu resurslardan dərs prosesində müəllimlər də istifadə edə bilərlər.
www.video.edu.az -elektron resurs video dərslərlə bağlıdır. Tədris prosesini daha da yaradıcı edən və şagirdlər tərəfindən məlumatın qavranılmasını asanlaşdıran video dərslər fizika, kimya, ədəbiyyat, Azərbaycan dili, həyat bilgisi, biologiya fənləri üzrə məktəb proqramını və ibtidai siniflərin seçilmiş mövzularını əhatə edir. Portala 100-dək video yüklənib.
Tədbirdə www.e-telim.edu.az - elektron resurs, www.e-sinif.edu.az -elektron sinif portalı, digər elektron resurs və portallar barədə də geniş məlumat verilib.