Təhsil qrantı Azərbaycanın beynəlxalq təhsil imkanlarının tanıdılmasına ciddi töhfələr verəcək
Bakı, 26 dekabr, AZƏRTAC
Beynəlxalq yardım siyasətimizin bir parçası olaraq 2018-2022-ci illərdə İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün təsis edilmiş təhsil qrantı proqramlarının uğurlu təcrübəsi əsasında xarici ölkə vətəndaşlarına təhsil qrantının verilməsi istiqamətində növbəti mərhələyə keçid üçün zərurət və əlverişli şərait yaranıb.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq İnkişafa Yardım İdarəsinin (Agentliyi/AIDA) rəisi Elməddin Mehdiyev Bakıda keçirilən “Azərbaycanda beynəlxalq təhsil imkanları” forumunda söyləyib. O bildirib ki, bu çərçivədə Prezident İlham Əliyevin 2023-cü il 8 iyul tarixli Sərəncamı ilə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı Proqramı” təsis edilib.
“Coğrafi əhatəliliyi genişləndirilmiş sözügedən proqram vasitəsilə İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi əhəmiyyətli beynəlxalq təsisatlarla yanaşı, inkişaf etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) qrupuna daxil olan ölkələr, habelə xalqımızla etnik, tarixi və mədənı bağlara malik xalqlar və azlıqların yaşadığı ölkələrdən Azərbaycanın ali təhsil müəssisələrinə 5 il müddətində 100 tələbənin qəbulu nəzərdə tutulur. Yeni təhsil qrantı proqramının təsis olunması beynəlxalq sülh və əməkdaşlığın möhkəmlənməsinə və dünyanın bir çox ölkəsində insan resurslarının inkişafına xidmət edəcək. Təhsil qrantı onlarla ölkədən yüzlərlə tələbənin keyfiyyətli təhsil alması və cəmiyyətləri üçün faydalı mütəxəssis kimi yetişməsi ilə yanaşı, ölkəmizin beynəlxalq təhsil imkanlarının tanıdılmasına ciddi töhfələr verəcək", - deyə Elməddin Mehdiyev qeyd edib.