TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASINDA MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Komissiyanın sədri Məleykə Abbaszadə 2006/2007-ci tədris ili üçün ali məktəblərə sənəd qəbulunun başlandığını bildirərək demişdir.
Bu il 27 dövlət, 13 qeyri-dövlət ali məktəbinə plan üzrə 25629 (keçən il - 28785) yer ayrılmışdır. Onlardan 22479-u dövlət, 30150-si qeyri-dövlət ali təhsil müəssisələrinin payına düşür. Dövlət ali məktəbləri üzrə 10490 yer ödənişsiz, 11989 yer isə ödənişli əsaslarladır. Ümumilikdə, 261 adda ixtisas üzrə tələbə qəbulu aparılacaqdır.
TQDK-nın sədri bildirmişdir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, neft və qaz sənayesi sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədi ilə I ixtisas qrupu üzrə qəbul imtahanlarında daha çox bal toplayan 5 nəfərin seçilərək, bakalavr dərəcəsi alması üçün Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə Avropanın ali təhsil müəssisələrinə göndərilməsi qərara alınmışdır. Bunun üçün imtahanlarda 600-dən artıq bal toplayan abituriyentlər arasında müsabiqə keçirilməsi nəzərdə tutulmuşdur.
Komissiyanın sədri ali məktəblərə tələbə qəbulu ilə bağlı jurnalistləri maraqlandıran suallara da cavab vermişdir.