Tələbələr hazırladıqları robotları yarışda sınayacaqlar







Xırdalan, 10 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Noyabrın 10-da Bakı Mühəndislik Universitetində (BMU) “Öyrən, Öyrət, Qur, İnkişaf et...” şüarı ilə ikigünlük “P&E Makers’ Days” tədbiri işə başlayıb.
BMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi tələbələrin iri firma və şirkətlərin, professional mütəxəssislərin işləri, onların yeni texnologiyaları barədə məlumat ala bilmələri, eyni zamanda, bu firma və şirkətlərin gələcəyin mühəndisləri ilə tanış olub, onlarla öz təcrübələrini bölüşərək ixtisaslı kadrların hazırlanmasından ibarətdir.
Universitetin tələbələrindən ibarət “ProgElectro” komandası tərəfindən təşkil edilən tədbirin ilk günündə “Elektronika sahəsinin hazırkı vəziyyəti”, “Biznes psixologiyası”, “Şəxsi həyatımızın layihə rəhbəri”, “Dağ” və sair mövzularda məruzələr dinlənilib, suallar cavablandırılıb.
Tədbirin ikinci günündə də məruzələr dinləniləcək və tələbələr tərəfindən hazırlanmış robot məhsulları arasında yarışma təşkil olunacaq. Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.
“ProgElectro” komandası ölkəmizdə robot sənayesinin inkişafını və gənclərin bu sahəyə diqqətini çəkmək məqsədilə ənənəvi olaraq hər il noyabr ayında akademik heyət, mühəndis və tələbələri “P&E Makers’ DAYS”də görüşdürməyi planlaşdırır.