Tələbələr Qırğızıstanda beynəlxalq teatr festivalında üç nominasiya üzrə mükafat qazanıblar
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH Mərkəzində aktyor sənəti ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri Bişkekdə keçirilən “Yeni adlar” XI Beynəlxalq Tələbə Teatr Festivalında iştirak ediblər. Onların ifasında avstriyalı dramaturq Yura Soyferin pyesi əsasında təqdim olunan “Vineta və ya Sulara qərq olunmuş şəhər" tamaşası üç kateqoriyada mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycanla yanaşı, Qırğızıstan, Rusiya, Türkiyə, Özbəkistan və Qazaxıstanın incəsənət məktəblərinin teatr fakültələrinin tələbələri iştirak ediblər.
Azərbaycandan olan yaradıcı heyətin hazırladığı tamaşa festivalda üçüncü yeri tutub. “Ən yaxşı eksperiment” nominasiyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mikayıl Mikayılov, “Ən yaxşı kişi rolu” nominasiyasında isə həmin universitetin tələbəsi Rahib Allahquliyev (dənizçi Conni roluna görə) mükafatlandırılıblar.
Kurs rəhbəri və quruluşçu rejissor M.Mikayılov AZƏRTAC-a verdiyi müsahibədə quruluş üçün məhz bu materialın niyə seçildiyi barədə danışıb.
“Bu pyes barədə uzun müddətdir düşünürəm. Nə vaxtsa onu səhnələşdirmək üçün fürsət axtarırdım. Elə oldu ki, tələbələrimin buraxılış tamaşası üçün məhz bu əsəri seçdim. Pyes çox gənc - 27 yaşında vəfat edən avstriyalı klassik tərəfindən yazılıb. Bu əsər bu gün də çox aktualdır. Pyesdə müəllif İkinci Dünya müharibəsi ilə əlaqəli fəlakət barədə xəbərdarlıq etmişdi. Bu, sonradan həbs düşərgəsində vəfat edən bir gəncin bir növ çağırışı idi... Mən hesab edirəm ki, bu tamaşada iştirak edən tələbələrin belə materiallarla qarşılaşması vacib idi. İndi isə bu mesaj tamaşaçılara müraciət edən gənc aktyorların dilindən ötürülür”, - deyə müsahibimiz qeyd edib.
1937-ci ildə yazılmış “Vineta” pyesi klassik antiutopiyadır.
Tamaşanın plastik səhnə həlli Elnur İsmayılova məxsusdur. Səhnə əsərində rolları SABAH-ın dördüncü kurs tələbələri Rahib Allahquliyev, Firuzə İsmayıl, Fatimə Əliyeva, Rüfət Əhmədov, Ləman Quliyeva, Murad Fərzəliyev, Elay Hənifəzadə və Sabir Gəraylı ifa ediblər.
Qeyd edək ki, tamaşa aprelin 24-də “YARAT” Müasir İncəsənət Məkanının səhnəsində “Matrix” qrup sərgisi çərçivəsində nümayiş olunacaq.
Müəllif – Anara Axundova