TƏQAÜD PROQRAMI ÜZRƏ SEÇİM BAŞA ÇATIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Böyük Britaniyanın “British Council” təşkilatının xaricdə kadr hazırlığı məqsədi ilə həyata keçirdiyi Təqaüd Proqramı üzrə seçim başa çatmaq üzrədir. Təqaüd proqramı çərçivəsində 130 nəfərin sənədləri qəbul edilmiş, onlardan 19-u müsahibəyə buraxılmışdır. Xaricdə kadr hazırlığı ilə bağlı ARDNŞ-də yaradılmış komissiyanın sədri, şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirmişdir ki, “British Council”un təmsilçiləri - ingilis dilinin tədrisi üzrə müdir Pol Hilder və Təhsil Proqramları üzrə menecer Leyla Həsənovanın iştirakı ilə aparılan müsahibədə iştirakçıların intellektual və bilik səviyyəsi diqqətlə araşdırılmış, 10 nəfər növbəti mərhələyə buraxılmışdır. Təqaüd Proqramının bu mərhələsində namizədlər beynəlxalq ingilis dili imtahanında iştirak etmişlər. İmtahanın nəticələri 10 gün müddətində məlum olacaqdır.
Böyük Britaniyada ali məktəblərə qəbul üçün seçim prosesi yaz aylarında başa çatır. Buna baxmayaraq, ARDNŞ rəhbərliyinin səyləri nəticəsində bir neçə tələbənin 2006/2007-ci tədris ilində Böyük Britaniyanın ali məktəblərində magistr dərəcəsi alması üçün razılıq əldə olunmuşdur. Həmin tələbələr sentyabr ayında Birləşmiş Krallığa yola düşəcəklər.