Təranə Muradova: Məqsədimiz Azərbaycan xoreoqrafiyasının inkişafı və ölkəmizin beynəlxalq mədəni imicinin möhkəmləndirilməsidir
Bakı, 1 noyabr, Günel Alıyeva, AZƏRTAC
Ötən il ərzində “Smooth & Rhythm Dance Style” (SRDS) və Azərbaycan Rəqs İttifaqının (AZDC) birgə səyləri xoreoqrafiya sənətinin inkişafında mühüm irəliləyiş əldə etməyə imkan verib. Şübhəsiz ki, bu, mədəniyyətin, idmanın və gənc nəslin gələcəyinin inkişafı üçün güclü bir təkan olacaq, axı rəqs həyatdır, gözəllikdir.
Bu barədə Bakıda keçirilən “Azerbaijan Dance Festival 2025” çərçivəsində AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycanın Xalq artisti, Azərbaycan Rəqs Şurasının prezidenti Təranə Muradova bildirib.
“Yeddiqat çempionlarımız Eldar Cəfərov və Anna Sajenovaya dərin minnətdarlığımı bildirirəm. Üç il əvvəl onlar mənə həqiqətən inanılmaz bir təklif etdilər — Azərbaycan Rəqs İttifaqına rəhbərlik etmək və xoreoqrafiya sənətinin inkişafını davam etdirmək. Bu gün bu, xüsusilə vacibdir, çünki Azərbaycan həmişə klassik və xalq rəqsləri ilə tanınıb, lakin müasir dövr yeni nəfəs, cəsarətli ideyalar və irəliyə doğru hərəkət tələb edir”, – deyə o vurğulayıb.
“Builki festival təkcə miqyası və iştirakçıların səviyyəsinə görə deyil, həm də mənim həyatımda mühüm tarix olan yubiley gecəmlə üst-üstə düşdüyü üçün özəldir. Səhnədə dünyanın ən yaxşı cütlükləri çıxış edir. Onlar yenidən bizim gözəl Bakımızın atmosferini hiss etmək, qonaqpərvərliyimizi yaşamaq, ölkəmizin tarixinin, mədəniyyətinin və gözəlliyinin zənginliyini görmək üçün Azərbaycana gəliblər”, – deyə Xalq artisti qeyd edib.
O əlavə edib ki, festivalın əsas məqsədi Azərbaycan xoreoqrafiyasının inkişafı və populyarlaşdırılması, eləcə də ölkəmizin regionun mədəni mərkəzi kimi beynəlxalq imicinin möhkəmləndirilməsidir.