TERRİ DEVİS BEYNƏLXALQ MƏTBUAT MƏRKƏZİNDƏ KİV NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Görüşü Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov açdı.
Cənab Terri Devis suallara cavab verməzdən əvvəl bir məsələyə aydınlıq gətirərək dedi ki, bu gün telekanallardan birində canlı yayımla müsahibə verdiyi zaman tərcüməçinin təcrübəsizliyi üzündən onun bir fikri yanlış səslənmişdir. Belə ki, AŞPA nümayəndəsi məruzəsi üçün fakt toplayan zaman Azərbaycan hökuməti ona hər cür kömək göstərmiş və buna görə də o, görüşdüyü rəsmi şəxslərdən çox razı qalmışdır, hətta onları tərifləmək üçün başqa söz tapa bilmir. Tərcüməçi isə fikri təhrif edərək demişdir ki, guya münaqişənin həllində göstərilən səyə görə Azərbaycan hökumətini tərifləyə bilmir.
KİV nümayəndələrinin sualları konkret olmuşdur: “Məruzə hansı xarakterdə olacaq - məlumat toplusu, tövsiyə, yoxsa, konkret təklif?”, “Nə üçün Ermənistandakı qaçqınlarla Azərbaycandakı qaçqınları bərabər tutursunuz?” “Siz Qarabağda Şuşanın azərbaycanlılar tərəfindən nə üçün tərk edildiyi ilə maraqlandınızmı?”, “Məruzədə işğal faktı öz əksini tapacaqmı?”, “Siz Britaniya parlamentində həm Azərbaycanla, həm də Ermənistanla dostluq qrupunun üzvüsünüz. Həm işğalçı, həm də işğala məruz qalanla necə mehribanlıq edə bilirsiniz?”, “Bu gün ildönümü olan Xocalı faciəsini törədənlərdən birinin və bəlkə də başçısının Robert Koçaryan olduğunu bilirsinizmi?” və s.
AŞPA nümayəndəsi suallara konkret cavab vermədən bir məsələni xüsusi vurğuladı ki, mən vasitəçi deyiləm və ATƏT-in Minsk qrupunun vəzifələrini də yerinə yetirmirəm. Məruzəmin xarakteri barədə isə yalnız onu bitirəndən sonra danışa bilərəm. Mən çalışacağam ki, gördüklərimi və eşitdiklərimi məruzədə əks etdirim. Bəri başdan onu deyə bilərəm ki, qaçqınlara geniş yer verəcəyəm. Münaqişənin həlli istiqamətində görülən heç bir iş diqqətimdən yayınmayacaqdır. İstər Ermənistanda, istərsə də Azərbaycanda verdiyim cavablarda ehtiyatlı olmağa çalışmışam. Mən Azərbaycan hökumətindən, burada görüşdüyüm rəsmilərdən çox razıyam, onlardan istədiyim bütün cavabları almışam. Prezident İlham Əliyev həddindən artıq məşğul olmasına baxmayaraq, mənə iki saata yaxın vaxt ayırdı. Bütün bunlara görə təşəkkürümü bildirirəm.
Hər cür zorakılığı pisləyən AŞPA təmsilçisi insanlara dinclik arzuladığını bildirdi və məruzəsində münaqişənin səbəbini açacağına söz verdi.
O, münaqişənin həlli məsələsi barədə dedi: “Elə bir həll variantı tapmalıyıq ki, hər iki ölkədə qəbul olunsun. Təəssüf ki, beynəlxalq qurumlar indiyədək bu münaqişəyə ciddi yanaşmamış, yaxalarını kənara çəkmək üçün bu işi ATƏT-in boynuna atmışlar. Nəyin bahasına olursa-olsun, münaqişə həll edilməlidir”.