TERRİ DEVİS MİLLİ MƏCLİSDƏ TƏMSİL OLUNAN SİYASİ PARTİYALARIN LİDERLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Yeni Azərbaycan Partiyası adından qonağı salamlayan Siyavuş Novruzov demişdir ki, bu səfər Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bir tarixə - Xocalı soyqırımının ildönümünə təsadüf edir. Biz ümid edir və inanırıq ki, belə bir məsələni öz gündəliyinə çıxarmağı qərara alan, doğru-dürüst sənəd hazırlamaq üçün məruzəçi təyin edən Avropa Şurasının Parlament Assambleyası, nəhayət, məsələyə düzgün qiymət verəcəkdir. Siyasi partiya liderləri hesab edirlər ki, siz tərtib edəcəyiniz sənəddə məsələyə həssaslıqla yanaşacaq, beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Şurasının məsələ ilə bağlı qəbul etdiyi sənədlərə və s. diqqət yetirəcəksiniz.
Görüşdə “Yurddaş” Partiyasının sədri Mais Səfərli, Azərbaycan Kommunist Partiyası İcraiyyə Komitəsinin sədri Ramiz Əhmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı çıxış etmişlər.
Siyasi partiyaların liderləri çıxışlarında Azərbaycanın münaqişəni sülh yolu ilə həll etməkdə maraqlı olduğunu qeyd etmişlər, amma yurd-yuvalarından didərgin düşmüş adamların problemlərinin həll olunmaması, torpaqlarımızın işğal altında qalması vaxt keçdikcə əsəbləri daha da gərginləşdirir, səbirləri tükəndirir. Onlar münaqişənin tezliklə həll edilməsində Avropa Şurası Parlament Assambleyasının öz səylərini artıracağına, Terri Devisin məruzəsinin daha dəqiq və obyektiv olacağına inandıqlarını bildirmişlər.
Terri Devis demişdir ki, əlbəttə, o, məruzəsini hazırlayarkən obyektivliyə əməl edəcək, incəlikləri nəzərə alacaqdır. Diplomat xüsusi vurğulamışdır ki, qaçqınların öz yurd-yuvalarına qayıtması, insan qanının axıdılmasına son qoyulması onun üçün başlıca şərtdir. Bu məruzəni hazırlayarkən BMT Təhlükəsizlik Şurasının qətnamələrini, Avropa Şurasının və digər beynəlxalq qurumların qəbul etdiyi qərarları nəzərdən qaçırmayacaq, Ermənistan parlamentinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini bu dövlətə birləşdirmək haqqında qeyri-qanuni qərarına da diqqət yetirəcəkdir.