“TERRORİZM VƏ NÜVƏ TƏHLÜKƏSİZLİYİ” SEMİNARI ÖZ İŞİNƏ BAŞLADI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, AMEA-nın prezidenti akademik Mahmud Kərimov seminar iştirakçılarını salamladıqdan sonra demişdir ki, bu gün beynəlxalq terrorizm sivil dünya və beynəlxalq təhlükəsizliyə qarşı böyük təhlükədir. Nə qədər ziddiyyətli olsa da, elmi-texniki tərəqqi, intensiv beynəlxalq kooperasiya, müasir dünyanın qloballaşması və informasiyalaşması terrorizm təhlükəsini daha da artırır. Son illər yeni vasitələrdən istifadə edən terrorçuların cəbbəxanası xeyli genişlənmişdir. Nüvə və radioaktiv materiallar bu vasitələrdəndir. Hətta ən ciddi hesabat sistemi olan ölkələrdə belə, həmin materialların oğurluğu baş verir. Azərbaycan nüvə təhlükəsizliyi təminatlı rejimin gücləndirilməsində fəal iştirak edir. Ölkəmiz kütləvi qırğın silahlarının yayılmaması barədə bütün əsas sazişlərin iştirakçısıdır.
Natiq xatırlatmışdır ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi Azərbaycan hökumətinin nəzarətindən kənarda qalmışdır. Bu isə radioaktiv və nüvə materiallarının gizli şəkildə daşınmasına və terror məqsədi ilə istifadəsinə səbəb ola bilər. Bu gün nüvə terrorizmi ilə mübarizə dünya ictimaiyyəti üçün müstəsna dərəcədə mühüm problemdir. NATO nüvə və radioloji terrora müqavimət göstərə bilən unikal beynəlxalq təşkilatdır. Bu məqsədlə Azərbaycan Şimali Atlantika blokunun terrorizmə qarşı fəaliyyətinin güclənməsinə tərəfdardır. İnanıram ki, seminarın uğurlu işi dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə olacaqdır.
ABŞ Energetika Nazirliyinin nümayəndəsi xanım Anna Konen, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, kimya elmləri doktoru Adil Qəribov çıxış etmişlər.
Seminar iyunun 17-dək “Crescent Reach” otelində öz işini davam etdirəcəkdir.