TƏRTƏRDƏ TƏHSİL İŞÇİLƏRİNİN KONFRANSI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Tərtər rayonunda təhsil işçilərinin konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri qoymuş, ulu öndərin xatirəsini ehtiramla anmışlar. Tədbirdə şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur.
Rayon təhsil şöbəsinin müdiri Aydın Qarayev 2007-2008-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə məruzə etmişdir. Bildirmişdir ki, keçən dərs ilində rayonda 48 ümumtəhsil məktəbi, 30 məktəbəqədər, 4 məktəbdənkənar uşaq tərbiyə müəssisəsi fəaliyyət göstərmişdir. 2008-ci ildə ali məktəblərə 371 məzun sənəd vermiş, onların 107 nəfəri tələbə adını qazanmışdır.
Respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunda da ümumtəhsil məktəblərinin tədris bazasının möhkəmləndirilməsi sahəsində mühüm işlər görüldüyünü deyən A.Qarayev hazırda rayonun Sarov, Evoğlu kənd orta, Qazyan kənd əsas məktəblərində əsaslı təmir işlərinin aparıldığını diqqətə çatdırmışdır. Konfransda Heydər Əliyev Fondunun təhsilin inkişafındakı xidmətlərindən danışılmışdır. Bildirilmişdir ki, Fondun təşəbbüsü ilə 2 nömrəli Sarıcalı kənd orta məktəbi üçün 240 şagird yerlik, Düyərli kənd əsas məktəbi üçün 100 şagird yerlik yeni binalar tikilərək istifadəyə verilmiş, avadanlıqla təmin olunmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev ölkədə təhsilin inkişafı istiqamətində görülən işlərdən, bu sahədə ölkə başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərindən danışmışdır.
Konfransda Azərbaycan müəllimlərinin qarşıdan gələn qurultayına nümayəndələr seçilmişdir.