Texniki Universitet ilə Rusiyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Rusiya Federasiyasının Qafqaz Federal Universitetinin Naberejnıye Çelnı İnstitutunun direktoru, professor Mahmud Qəniyev və direktor müavini Marat Umarov Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor vəzifəsini icra edən professor Xalıq Yahudov qonaqlara Azərbaycanda texniki sahənin inkişafına önəm verilməsindən danışıb. O, Azərbaycan və Rusiyanın ali təhsil müəssisələri arasında mövcud əməkdaşlığa diqqət çəkərək, bu əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib. AzTU-nun tarixi, elmi potensialı, beynəlxalq əməkdaşlıq proqramları, fakültələri və ixtisasları haqqında geniş məlumat verən professor qeyd edib ki, Azərbaycanda sənayenin bəzi sahələri üçün yalnız AzTU-da kadr hazırlığı həyata keçirilir.
Professor Mahmud Qəniyev qarşılıqlı əlaqələrdən məmnun olduğunu bildirib. O, Naberejnıye Çelnı İnstitutu haqqında və mümkün əməkdaşlıq sahələrindən danışıb. İnstitutda həyata keçirilən tədris prosesi, elmi-tədqiqat işləri, həmçinin kadr hazırlığı istiqamətləri barədə məlumat verən Mahmud Qəniyev qeyd edib ki, təmsil etdiyi ali məktəb bir çox ölkələrin universitetləri və nüfuzlu elmi-tədqiqat müəssisələri ilə səmərəli əməkdaşlıq əlaqələri qurub.
Görüşdən sonra AzTU-nun Heydər Əliyev Mərkəzində Azərbaycan Texniki Universiteti ilə Naberejnıye Çelnı İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə elmi-tədqiqat işlərinin, elmi-metodik konfrans, seminar və simpoziumların birgə təşkili, müəllim-tələbə, magistr, doktorant mübadiləsi, fakültələrin, kafedraların qarşılıqlı əlaqələrinin yaradılması məsələləri nəzərdə tutulur.