DÜNYA
Teylor Svift “Forbes” jurnalının milyarderlər siyahısına düşüb
![Teylor Svift “Forbes” jurnalının milyarderlər siyahısına düşüb](/files/2024/1/1200x630/17121314271721759256_1200x630.jpg)
Bakı, 3 aprel, AZƏRTAC
Amerikalı müğənni Teylor Svift və ChatGPT çat-botunun qurucusu Sem Altman ilk dəfə olaraq “Forbes” jurnalının tərtib etdiyi milyarderlər siyahısına düşüb.
AZƏRTAC BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, Teylor Sviftin sərvəti 1,1 milyard dollar, Sem Altmanın sərvəti isə 1 milyard dollar həcmində qiymətləndirilir.
Siyahıya 233 milyard dollar sərvətə malik LVMH holdinqinin sahibi fransalı biznesmen Bernard Arno başçılıq edir. “Tesla” elektromobil istehsalçısının qurucusu, həmçinin “Space X” kompaniyasının və “X” sosial şəbəkəsinin sahibi İlon Mask 195 milyard dollarla ikinci, “Amazon” kompaniyasının qurucusu Ceff Bezos isə 194 milyard dollarla üçüncü yerdədir. “Meta” korporasiyasının rəhbəri Mark Sukerberq 177 milyard dollarla dördüncü, “Oracle” korporasiyasının qurucularından biri olan Larri Ellison isə 141 milyard dollara beşinci pillədə qərarlaşıb.
“Forbes” jurnalının məlumatına görə, 2024-cü ildə dünyada milyarderlərin sayı rekord həddə - 2 min 781 nəfərə çatacaq. Bu, ötən ilə nisbətən141 nəfər, əvvəlki rekordun müəyyən edildiyi 2021-ci illə müqayisədə isə 26 nəfər çoxdur.
Nəşr qeyd edir ki, dünya elitası getdikcə daha çox zənginləşir və onların ümumi sərvəti 14,2 trilyon dollara çatır. Hazırda 92 milyarderin yaşadığı Hindistanın Mumbay şəhəri ilk dəfə Pekini geridə qoyaraq Asiyanın “milyarder paytaxtı” olub.