“The Hill”: Azərbaycan-İsrail münasibətləri ümid qığılcımı və müsəlman-yəhudi dünyasının modeli kimi
Vaşinqton, 4 noyabr, Yusif Babanlı, AZƏRTACAmerikanın “The Hill” qəzeti Maayan Caffenin “Azərbaycan-İsrail münasibətləri ümid qığılcımı və müsəlman-yəhudi dünyasının modeli kimi” sərlövhəli məqalə dərc edib (http://thehill.com/blogs/congress-blog/foreign-policy/222501-azerbaijan-israel-relationship-is-glimmer-of-hope-model). Məqalədə deyilir ki, Yaxın Şərqdə gərginliyin artdığı, İsrailə qarşı antisemit çıxışların və təhdidlərin davam etdiyi bir zamanda Azərbaycan ilə münasibətlər region üçün ümid qığılcımıdır. Müəllif yazır ki, bu il sentyabrın ortalarında İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Nyu-Yorka, Vaşinqtona, Filadelfiyaya və yəhudilərin kompakt yaşadıqları digər regionlara gedərək ABŞ-ın yəhudi icmasının nümayəndələri qarşısında bir sıra çıxışlar edib, Azərbaycan ilə İsrail arasındakı sıx əlaqələrdən danışıblar.
M.Caffe qeyd edir ki, İsrail kimi Azərbaycan da özünü ABŞ-a yaxın ölkə hesab edir və dostluq münasibətlərinə üstünlük verir. Lakin son vaxtlar ABŞ tərəfdən Azərbaycanın ünvanına tənqid səslənir. O yazır ki, Azərbaycan bunu yaxşı əlaqələndirilmiş kampaniya hesab edir. Müəllif həmçinin Azərbaycan Demokratik Respublikası haqqında məlumat verərək bildirir ki, Azərbaycan müsəlman şərqində qadınlara səs hüququ verilmiş və səhiyyə naziri vəzifəsinə yəhudinin təyin olunduğu ilk ölkədir. Yəhudilər parlamentdə də təmsil olunmuşdular.
Sonda müəllif xüsusi olaraq qeyd edir ki, Azərbaycanda dünyəvi cəmiyyət quruculuğu sahəsində ciddi iş aparılır: “Dünya ictimaiyyəti son illər baş verən hadisələrdən nəticə çıxarmaq əvəzinə açıq cəmiyyət qurmağa çalışan Azərbaycanı tənqid edir”.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton