“The Holland Times” qəzetində “Azərbaycan: tolerantlıq və multikulturalizm ölkəsi” adlı məqalə dərc olunub
Bakı, 9 iyun, AZƏRTAC
Niderlandın “The Holland Times” qəzetinin iyun nömrəsində “Azərbaycan: tolerantlıq və multikulturalizm ölkəsi” adlı məqalə dərc olunub.
Azərbaycanın Niderlanddakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə ötən ay Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verilir.
Qeyd olunur ki, Azərbaycan Şərqin və Qərbin qovuşuğunda yerləşən, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların bir araya gəldiyi nadir ölkələrdəndir. Azərbaycan bu sivilizasiyaların dəyərlərini özündə ehtiva edir və onlar arasında körpü rolunu oynayır. Müəllif 2008-ci ilin dekabrında Bakıda keçirilmiş Avropa Şurasının mədəniyyət nazirlərinin iclasında Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan “Bakı prosesi” barədə də məlumat verir.
“2015-ci ildən sonrakı inkişaf gündəliyində mədəniyyət və davamlı inkişaf” mövzusunda keçirilən Forum əsasən BMT Baş Assambleyası tərəfindən elan olunan 21 May - Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Gününə həsr olunan layihə və proqramlar, eləcə də mədəniyyətlər arasında etimad və əməkdaşlığın möhkəmləndirilməsində din, miqrasiya, idman, təhsil, incəsənət və biznesin rolu məsələlərinə həsr edilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. Azərbaycan Prezidentinin Forumun açılışındakı nitqindən fikirlərin yer aldığı məqalədə Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq forumlarının müxtəliflik, dialoq, millətlər arasında qarşılıqlı anlaşma üçün platformaya çevrildiyi bildirilir.
“The Holland Times” qəzetinin iyun nömrəsində, həmçinin “Azərbaycan milli bayramını qeyd edir” adlı məqalə dərc edilib. Məqalədə 28 May - Respublika Gününün tarixi, bu bayramın önəmi barədə oxuculara ətraflı məlumat verilir. Azərbaycanın Niderlanddakı səfirliyində milli bayrama və “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunan qəbul təşkil edildiyi diqqətə çatdırılır.