İQTİSADİYYAT
Tobias Baumann: Bavariya-Azərbaycan Biznes Forumu əməkdaşlığımızın möhkəmlənməsinə töhfə verəcək
Bakı, 31 may, AZƏRTAC
Bavariya İqtisadiyyat, Kütləvi İnformasiya Vasitələri, Enerji və Texnologiya üzrə Dövlət Nazirliyinin dövlət katibi Franz Yozef Pşirer və bu vilayətin bir neçə şirkətinin nümayəndə heyəti Bakıdadır. Onlar Azərbaycanla iqtisadi-ticari əlaqələrin daha da genişlənməsində, qarşılıqlı informasiya mübadiləsində maraqlıdırlar. Bugünkü Bavariya-Azərbaycan Biznes Forumu ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann Bavariya-Azərbaycan biznes forumunun əhəmiyyəti barədə danışarkən deyib.
“Forum inşaat, şəhərsalma, informasiya və kommunikasiya texnologiyaları, avtomobil sənayesi, istehlak malları və digər sahələri təmsil edən 120-dən çox Bavariya və Azərbaycan biznes nümayəndələrini bir araya gətirib. Bu, ölkələrimiz arasında ticarət əlaqələrin daha da güclənməsinə kömək edir. Bugünkü forum biznes imkanları barədə təsəvvür əldə etmək, siyasi təmsilçilərlə, eləcə də iqtisadi təsisatlar və firmaların nümayəndələri ilə əlaqə yaratmaq baxımından gözəl imkandır”, - deyə T.Baumann bildirib.