Topaz Premyer Liqası: “Qəbələ” – “Sabah” oyununda qalib müəyyənləşməyib
Bakı, 1 aprel, AZƏRTAC
Aprelin 1-də futbol üzrə Topaz Premyer Liqasının XXII turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turun üçüncü görüşü Qəbələ şəhər stadionunda baş tutub. Premyer Liqanın debütantı “Sabah” səfərdə “Qəbələ” klubunun qonağı olub. Oyunda komandaların cəhdlərinə baxmayaraq, hesab açılmayıb. Matçın 89-cu dəqiqəsində “Sabah” klubunun futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Bu nəticədən sonra xalların sayını 30-a çatdıran “Qəbələ”nin dördüncü yerdəki mövqeyi dəyişməyib. “Sabah” isə 23 xalla beşinci pillədə qərarlaşıb.
Tura bu gün saat 18:30-da başlayacaq “Sumqayıt” - “Qarabağ” oyunu ilə yekun vurulacaq. Həmin görüş “CBC Sport” televiziyasında birbaşa yayımlanacaq.