Torpaqşünaslıq və Aqrokimya İnstitutunda ətraf mühitin problemlərinə dair elmi-praktik konfrans keçirilib
Bakı, 18 iyun, AZƏRTAC
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə tələbə, magistr, doktorant və dissertantların onlayn rejimdə elmi-praktik konfransı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfrans “Ətraf mühit problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış” mövzusuna həsr olunub. COVID-19 pandemiyası ilə əlaqədar karantin qaydalarına riayət olunaraq keçirilən elmi tədbirdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin 7 üzvü canlı iştirak edib. Digər iştirakçılar isə konfransa “Zoom” platforması üzərindən qoşulublar.
Konfransı açan AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov bu günün əhəmiyyətini qeyd edib. Bildirib ki, ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin ilk günlərindən gənc alimlərimiz də müasir dövrün çağırışlarına uyğun olaraq həm beynəlxalq səviyyədə təşkil olunan onlayn konfranslara qatılır, eyni zamanda, özləri belə əhəmiyyətli tədbirləri ərsəyə gətirirlər: “Belə elmi tədbirlər digər gənclərə də təsir edir, onların elmə marağını artırır, bir sözlə, gənclərimizin dünya elminə inteqrasiyası prosesini sürətləndirir”.
Tələbə, magistr, doktorant və dissertantlar üçün ixtisaslaşmış belə bir konfransın keçirilməsinin əhəmiyyətini vurğulayan F.Salmanov AMEA-da doktorantura-dissertantura ilə yanaşı, magistratura təhsilini də böyük elmin astanası kimi xarakterizə edib.
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev gənc alimlərin elmi fəaliyyəti üçün yaradılan şəraitdən bəhs edib.
Konfrans məruzələrin dinlənilməsi ilə davam edib.
Xatırladaq ki, konfransa 53 tezis qəbul olunub və müvafiq mövzular ətrafında müzakirələr aparılıb.