Tovuz rayon sakinində narkotik vasitə aşkarlanıb
Bakı, 2 mart, AZƏRTAC
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Stansiya Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Rəhman Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki polietilen kisədən yabanı halda bitən narkotik vasitə hesab olunan ümumi çəkisi 455 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı polis şöbəsinin baş müstəntiqi, polis kapitanı Natiq Əliyarov tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.