Tovuzda bir şəhər və dörd kəndi əhatə edən yollar yenidən qurulur
Bakı, 7 aprel, AZƏRTAC
Tovuz rayonunda bir şəhər və dörd kəndi əhatə edən yollar yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Tovuz rayonunda bir şəhər və dörd kəndi əhatə edən ümumi uzunluğu 36 kilometr olan avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri yüksək keyfiyyətlə və sürətlə dava etdirilir. Bu, M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və uzunluğu 17 kilometr olan Əyyublu kəndinin, 4,4 kilometr uzunluğunda Aran kəndinin, 7,6 kilometrlik Qovlar şəhərinin 2 yaşayış məntəqəsinin, həmçinin uzunluğu 5 kilometr olan Aşağı Quşçu və 2 kilometr olan Koxanəbi kəndlərinin avtomobil yollarıdır. Sözügedən yolların hər biri IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.
İşlər 5 yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etmələrini xeyli dərəcədə asanlaşdıracaq. Sözügedən avtomobil yolları uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən avtomobil yolu yararsız vəziyyətdə idi. Üstəlik bəzi hissələrdə yol əkin sahəsindən keçdiyi üçün torpaq yatağı suvarma və qrunt sularının təsirinə məruz qalaraq yararsız hala düşmüşdü. Bu isə öz növbəsində, vətəndaşların hərəkətində müəyyən çətinliklərə səbəb olurdu.
Yollar boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa olunur. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların tikintisi işləri də aparılır. Çünki mövcud suötürücü borular və boruların başlıq hissələri dağılıb.
Torpaq yatağının tikintisi yekunlaşan ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası görülür. Texnoloji ardıcıllığa əsasən növbəti mərhələdə yollara 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb. Qeyd olunan işlər ümumilikdə yolların 200 min kvadratmetrdən çox sahəsində aparılacaq. Asfaltlanan ərazilərdə çiyinlərin lazımi materialla bərkidilməsi işləri də görülür.