TRACECA ölkələrində eTIR beynəlxalq sisteminə qoşulma üzrə müsbət dinamika müşahidə olunur





Bakı, 23 iyun, AZƏRTAC
Son illər TRACECA ölkələrində Beynəlxalq Avtomobil Nəqliyyatı (BAN) Konvensiyasının 11 nömrəli Əlavəsinə uyğun olaraq, eTIR-ə oxşar layihələrin həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar tərəfindən aparılan işlərdə eTIR beynəlxalq sisteminə qoşulma üzrə müsbət dinamika müşahidə olunur. Azərbaycan, Gürcüstan və Özbəkistan BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) beynəlxalq sisteminə artıq qoşulub, Türkiyə isə yaxın hələ gələcəkdə bunu etməyi planlaşdırır.
AZƏRTAC TRACECA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayev Beynəlxalq Avtomobil Nəqliyyatı İcraiyyə Şurasının (TIRExB) iclasında “Beynəlxalq Avtomobil Nəqliyyatı Orta dəhlizinin Elektron dəhlizinə transformasiyası (eTIR)” mövzusunda çıxışı zamanı bildirib.
Baş katib qeyd edib ki, iki gün davam edəcək görüşün məqsədi gömrük orqanları və milli Avtomobil Nəqliyyatı Assosiasiyaları arasında beynəlxalq eTIR sisteminin üstünlükləri barədə məlumatlılığın artırılmasıdır. “TRACECA dəhlizinin multimodallığını və çoxsaylı sərhədləri keçmək zərurətini nəzərə alaraq, eTIR-in tətbiqi prosedurları sadələşdirəcək və beynəlxalq avtomobil daşımaları üçün sərhəd keçid vaxtlarını azaldacaq. Ona görə də mən ürəkdən inanıram ki, birgə səylərlə yüklərin daşınması üçün daha əlverişli şərait yaradılacaq”, - deyə Asset Assavbayev vurğulayıb.
Qeyd edək ki, eTIR dünyada yeganə beynəlxalq gömrük tranzit sistemidir. Yeni sistemin tətbiqi sərhədkeçmə proseslərinə sərf olunan vaxtın ən az 20 faiz azalmasına, resurslardan səmərəli istifadə olunmasına, məlumatların əvvəlcədən əldə olunması hesabına risk analizlərinin daha səmərəli və effektiv şəkildə həyata keçirilməsinə şərait yaradacaq.