İQTİSADİYYAT
TRASEKA ölkələri yüklərin yarımqoşqularla daşınması xidmətini inkişaf etdirir
Bakı, 13 oktyabr, AZƏRTAC
TRASEKA üzrə Əsas Çoxtərəfli Sazişin (ƏÇS) iştirakçısı olan ölkələrin, o cümlədən Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Rumıniya, Ukrayna və Özbəkistanın səlahiyyətli orqanları və idarələrinin nümayəndələri "Yarımqoşquların multimodal daşınmalarda ayrı-ayrı nəqliyyat vahidləri kimi istifadəsinə dair icmal" adlı videokonfrans rejimindəki təqdimatda iştirak ediblər.
AZƏRTAC TRASEKA-nın saytına istinadla xəbər verir ki, tədbirin əsas məqsədi yarımqoşqularla yük daşımalarının hüquqi və texniki aspektləri və multimodal marşrut üzrə yarımqoşqularla yüklərin ilk pilot daşınmasının yekunları əsas götürülməklə, daşınmaların Litva - Polşa - Slovakiya - Macarıstan - Rumıniya - Bolqarıstan - Qara dəniz - Gürcüstan - Azərbaycan - Xəzər dənizi - Qazaxıstan istiqamətində yarımqoşqularla həyata keçirilməsi təcrübəsi ilə tanış olmaqdan ibarətdir.
Bu cür daşınmaların yerinə yetirilməsi sözügedən marşrut üzrə daşınmaya cəlb olunan ölkələrin, xüsusilə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Rumıniyanın, eləcə də bu prosesə fəal kömək edən Litva Nəqliyyat Nazirliyinin və "Şturvalas" QSC-nin dəstəyi sayəsində mümkün olub.
Təqdimat zamanı bildirilib ki, yüklərin yarımqoşqularla daşınması ümumilikdə malların daha ucuz nəqliyyat növü ilə təmin edilməsində böyük potensiala malikdir, çünki gəmidə yarımqoşquların daşınması zamanı sürücüyə əməkhaqqı və səyahət xərclərinin ödənilməsinə, vizanın alınmasına ehtiyac yoxdur və dəniz yolu ilə daşınmanın özü yarımqoşqulu yedəkçi vasitəsilə daşınmayla müqayisədə daha ucuzdur.
Pilot daşımanın müsbət təcrübəsi nəzərə alınmaqla, TRASEKA ölkələrinin yükdaşıyıcıları tərəfindən yükün yarımqoşqularla daşınması xidmətinin inkişaf etdirilməsi məqsədilə saziş layihəsinin hazırlanmasının məqsədəuyğun olduğu müəyyən edilib.
Ölkələrin səsləndirdiyi rəylərin nəticələrinə əsasən, TRASEKA-nın Daimi Katibliyi saziş layihəsini hazırlayacaq və Beynəlxalq Avtomobil nəqliyyatı potensialının reallaşdırılması məqsədilə beynəlxalq müqavilənin müzakirə edilməsi və təkmilləşdirilməsi üçün tərəflərə göndərəcək.