“TRT AVAZ” televiziya kanalı ilə “Hamımız Xocalıdanıq” adlı yeni sənədli film yayımlanmışdır
Bakı, 21 fevral (AZƏRTAC). Fevralın 21-də Türkiyənin “TRT AVAZ” televiziya kanalı ilə “Hamımız Xocalıdanıq” adlı yeni sənədli film yayımlanmışdır.
AZƏRTAC xəbər verir ki, “TRT”-nin Bakı təmsilçiliyi tərəfindən lentə alınan XX əsrin ən vəhşi qətliamlarını həyata keçirən ermənilərin əsl simasını göstərən bu sənədli filmdə, Xocalı sakinlərinin yaşadıqları faciədən, onların arzu və istəklərindən bəhs edilmişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri və 366-cı alayının Dağlıq Qarabağın Xocalı şəhərinə hücumu və azərbaycanlıların başına gətirilən misli görünməmiş qətliamın şəhid və şahidlərinin yaşadığı faciə filmdə öz əksini tapmışdır. Çoxmilyonlu türk tamaşaçısına təqdim edilən bu ekran işində yaradıcı qrup Xocalıda döyüşərək həlak olan, eləcə də qəddarlıqla qətlə yetirilən dinc insanların yaşadıqlarını sənədlərin və canlı şahidlərin dili ilə göstərməyə çalışmışdır.
“Hamımız Xocalıdanıq” sənədli filmində fotolara, dəqiq, təkzib belə olunmayacaq faktlara köçən, çox da uzaq olmayan bir tarixə və 20 illik bir cinayətə dünyaya demokratiya dərsi verən ölkələrin biganə qaldığı vurğulanmışdır.
Ekran əsərində Xocalıda soyqırımı aktının törədildiyini ermənilərin özlərinin də etiraf etdiyi diqqətə çatdırılmışdır. Bu hadisələrin bilavasitə təşkilatçılarından olan, erməni yazıçısı Zori Balayanın və hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyanın Xocalı şəhərində ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırımı faktlarını əsərlərində fəxrlə yazdıqları Türkiyə və dünyaya faktlarla təqdim edilmişdir.
Qeyd edək ki, filmin təkrarı fevralın 26-da saat 08.40-da ekranlara çıxacaqdır. Həmçinin Türkiyənin “TRT 1”, “TRT Haber” , “TRT Türk” və “TRT AVAZ” televiziya kanallarında Xocalı soyqırımının 20 illiyi ilə bağlı silsilə verilişlər yayımlanacaqdır.