TURAN CAVİDİN VƏFATININ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 12-də görkəmli dramaturq Hüseyn Cavidin ev-muzeyində romantik şairin qızı, muzeyin sabiq direktoru Turan Cavidin vəfatının ildönümünə həsr edilmiş xatirə günü keçirilmişdir.
Muzeyin direktoru, filologiya elmləri namizədi Gülbəniz Babaxanova tədbiri açaraq Turan xanımın həyatından, eksponatların toplanmasında, Hüseyn Cavidin həyat və yaradıcılığının tədqiq olunmasında xidmətlərindən danışmışdır. Bildirmişdir ki, əməkdar mədəniyyət işçisi Turan Cavid Azərbaycan Dövlət Teatr İnstitutunu bitirdikdən sonra 1950-ci ildən 1983-cü ilədək həmin institutda teatr tarixindən mühazirə oxumuş, 1953-1968-ci illərdə, eyni zamanda Cəfər Cabbarlı adına Teatr Muzeyində elmi işçi, direktor olmuşdur. Turan xanım 1991-ci ildən ömrünün axırına - 2004-cü ilə kimi Hüseyn Cavidin ev-muzeyinin direktoru kimi fəaliyyət göstərmiş, 1958-2004-cü illər ərzində sənətkarın nəşr olunmuş bütün kitablarının tərtibatında fəal iştirak etmişdir.
Milli Elmlər Akademiyasının müxbir üzvü, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rəfael Hüseynov Turan Cavidin müstəsna bir insan olduğunu vurğulamışdır. Diqqətə çatdırmışdır ki, o, bütün ömrünü Hüseyn Cavidin əsərlərinin təhrifsiz nəşrinə sərf etmiş, qardaşı Ərtoğrulun ictimaiyyətə tanıdılmasında əvəzsiz xidmətlər göstərmişdir. Əgər Turan xanım olmasaydı, Ərtoğrula aid sənədləri aşkarlamasaydı, bu gün onun kimliyi barədə bizdə heç bir məlumat olmazdı.
Natiq bildirmişdir ki, Cavidin ev-muzeyinin yaradılmasında Turan xanımın xidmətləri böyük olmuşdur. O, yorulmadan bu yolda mübarizə apardı, nəhayət məqsədinə çatdı. Atasına aid sənədləri, məlum və naməlum əsərlərini bir mərkəzə topladı. Muzey, şübhəsiz ki, Hüseyn Cavidin tanınmasında və təbliğində bu gün də Turan Cavid ənənəsini uğurla davam etdirir.
AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, professor Cəlal Qasımov, AMEA-nın müxbir üzvü Teymur Kərimli, Bakı Metropoliteninin rəisi, Cavidin qohumu Tağı Əhmədov və başqaları tədbirdə çıxış edərək, Turan xanım barədə xatirələrini bölüşmüşlər.