MƏDƏNİYYƏT
Turan Manafzadə: Türk qadınları olaraq musiqi bağlarımızın daha da möhkəmlənməsinə töhfə vermək qürurvericidir
İstanbul, 7 sentyabr, Günel Karatepe, AZƏRTAC
Türkiyənin müxtəlif şəhərlərində türkdilli ölkələrin qadın sənətçilərindən ibarət “Turan Manafzadə və Yeddi Gözəl” musiqi qrupunun konsertləri keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, eləcə də Macarıstan olmaqla yeddi ölkəni təmsil edən istedadlı qadın musiqiçilərdən ibarət qrupun dirijoru və solisti Azərbaycanın Əməkdar artisti, bəstəkar və pianoçu Turan Manafzadədir.
AZƏRTAC-a müsahibə verən bəstəkar konsert proqramlarının Türkiyədə qeyd edilən Zəfər Bayramı tədbirləri çərçivəsində gerçəkləşdiyini deyib. “Amasyanın Merzifon və Mersinin Gülnar bələdiyyələrinin dəvəti ilə “Turan Manafzadə və Yeddi Gözəl” olaraq iki fərqli konsert proqramı ilə çıxış etdik. Konsertlərdə dünya klassikləri və qrupumuza daxil olan xanımların ölkələrinə aid ən çox sevilən və tanınan xalq mahnılarından ibarət musiqilər yer aldı. Tədbirlər ərəfəsində həm də Gülnar bələdiyyəsinin 100 illiyi qeyd olunurdu və bu bölgədə pianonun müşayiəti ilə belə bir konsert ilk dəfə baş tuturdu. Proqramda səsləndirdiyim “Çırpınırdı Qara dəniz” və sonda izləyicilərlə birgə ifa etdiyimiz “Türkiyə 100” əsərim proqrama ayrı bir coşqu qatdı. Türkiyə Cümhuriyyətinin 100 illiyinə bəstələdiyim və xalq tərəfindən çox sevilən bu əsərin həm də ölkə məktəblərində əzbərlənməsi, Türkiyənin xaricdəki diplomatik nümayəndəliklərində səsləndirilməsi mənim üçün olduqca qürurverici, sevindirici haldır. Bu marş Merzifon bələdiyyəsində də sevilərək səsləndirilir. Bu, bölgədə yaşayanların böyük həvəslə proqrama gəlib bizimlə birlikdə marşı səsləndirməsində də özünü çox gözəl büruzə verdi”, - deyə Turan Manafzadə bildirib.
Bəstəkar “Turan Manafzadə və Yeddi Gözəl” musiqi qrupunun ifasında ilk dəfə bu proqramda “Miniatür” əsərinin səsləndirildiyini və bu əsərin bəstəkarının Almaniyada yaşayan həmvətənimiz Xədicə Zeynalova olduğunu qeyd edib.
O bildirib ki, qrup ilk konsertini Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Liderlər Sammitində birinci xanımlar üçün verib: “Sonradan dünyanın fərqli bölgələrində 16 konsert proqramı ilə çıxışlarımız oldu. Türkiyədə isə Ankara və İstanbulda konsertlərimiz keçirilib. Türk ölkələrini təmsil edən qadınlar olaraq xalqlarımız arasındakı mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, musiqi bağlarımızın daha da möhkəmlənməsinə töhfə vermək olduqca qürurvericidir”.
Qeyd edək ki, Turan Manafzadə musiqi qrupunun yaradıcısıdır.