Turində San-Remo festivalına həsr olunmuş sərgi açılıb
Bakı, 7 fevral, AZƏRTAC
“Galerie d'Italia”da İtaliyanın misilsiz üslubu və mədəni zəfərinin nostalji hissləri ilə yaşamağı təklif edən əfsanəvi San-Remo festivalına həsr olunmuş ekspozisiya açılıb.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, növbəti musiqi şousu ərəfəsində Liquriya sahilindəki məşhur “Gallerie d'Italia” qalereyası yeni heyranedici fotosərgini təqdim etməklə, San-Remonun ruhuna qovuşmaq qərarına gəlib.
"Zamandan kənar: San-Remo ağ-qara festivalı 1951-1976" adlı sərginin ekspozisiyasında “Publifoto Intesa Sanpaolo” arxivindən 85 möhtəşəm fotoşəkil təqdim olunub. Məşqlərdən və təsir bağışlayan fotosessiyalardan qrim otaqlarına qədər bənzərsiz kadrlar festivalın Sanremo kazinolarının divarları arasında keçirildiyi zaman pərdə arxasında baş verənlərə aydınlıq gətirir.
Mahnı festivalı 1951-ci ildə kurortun iqtisadiyyatını canlandırmaq məqsədilə yaradılıb. Əvvəlcə, artistlərin çıxışları yalnız radioda yayımlanıb, lakin 1955-ci ildə tədbirin populyarlığı artmağa başlayıb və o vaxtdan bəri San-Remo faktiki olaraq İtaliya televiziyası ilə ayrılmaz şəkildə bağlıdır.
O, "Avroviziya" mahnı müsabiqəsinin keçirilməsinin səbəbkarı olub və Andrea Boçelli və Eros Ramazotto kimi ən məşhur italyan ifaçılarından bəzilərinin karyerasına start verib.
Sərgi 2024-cü il mayın 12-dək davam edəcək.