Türk dünyasının rəssamları Oş şəhərində görüşüb
Bişkek, 27 may, АZƏRTAC
TÜRKSOY tərəfindən elan edilən “Oş-türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində bu qədim şəhərdə türk dünyası rəssamlarının görüşləri keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Şimali Kipr, Saxa Yakitiya, Başqırdıstan rəssamları iştirak edir.
Azərbaycanı bu tədbirlərdə Pərviz Ələkbərli təmsil edir.
Oş şəhər merinin müavini Nurbek Kadırov rəssamları salamlayıb, “Oş-türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində keçiriləcək görüşlər haqqında məlumat verib. O, Oş şəhərinin zəngin tarixi, mədəni irsi haqqında söhbət açıb, həyata keçirilən layihələrdən danışıb.
Bildirilib ki, rəssamlar “Qədim Oş şəhəri 21 əsr rəssamlarının gözü ilə” adlı plenerdə də iştirak edəcəklər.
Sonra onlara rəssamlıq dəsti hədiyyə edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek